Yaxın Şərqdə davam edən müharibədə diqqət çəkən məqamlardan biri də “İbrahim sazişləri”nin taleyinin necə olacağıdır. Təsadüfi deyil ki, İranın hədəf aldığı körfəz dövlətləri arasında “İbrahim sazişi”nə qoşulan BƏƏ və Bəhreyn kimi dövlətlər də var. Musavat.com yazır ki, proseslərin gedişi Azərbaycanın da qoşulacağı deyilən “İbrahim sazişləri”nin taleyini ciddi sual altına alır.
Yeri gəlmişkən, ötən ilin sonunda İsrailin xarici işlər naziri Bakıda səfərdə olarkən Azərbaycan XİN-nin rəhbəri Ceyhun Bayramov “İbrahim sazişləri” ilə bağlı suala cavab vermişdi. Nazir sazişi “bəzi ərəb dövlətləri ilə İsrail arasında əldə edilən razılaşma” adlandıraq bunları demişdi: “Bu razılaşma ilə İsraillə münasibəti olmayan ərəb dövlətləri İsraillə əlaqələr qurur. Bu,“İbrahim sazişləri” əsasında baş verirdi. Amma Azərbaycan və İsrail arasında çoxşaxəli münasibətlər var və bu münasibətlər uzun tarixə malikdir. Bu, ona görə də bizə bir qədər təəccüblü gəlir”.
“İbrahim sazişləri” 2020-ci ildə ABŞ prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə onun təşəbbüsü ilə hazırlanıb. Sazişin ilk məqsədi ərəb ölkələri ilə İsrail arasında normallaşma prosesini başlatmaq olub. Burada söhbət iqtisadi-siyasi maraqların uzlaşdırılmasından gedir. Eyni zamanda, birgə qonşuluq şəraitində yaşamağı təşkil edə biləcək prinsiplər bu anlaşmada öz əksini tapıb.

Qeyd edək ki, “İbrahim sazişləri” İsraillə BƏƏ və İsraillə Bəhreyn dövlətləri arasında 2020-ci ilin 15 sentyabrında imzalanıb. Sənədi prezident Trampın iştirakı ilə İsrailin Baş naziri Benyamin Netanyahu, BƏƏ və Bəhreynin xarici işlər nazirləri imzaladılar. 2020-ci ildə razılaşmaya Mərakeş də qoşuldu. 2021-ci ilin yanvarında Sudan da razılaşmaya cəlb olundu. İran rəsmiləri İsraillə əlaqələr yaradan ərəb dövlətləri rəhbərlərini kəskin tənqid edərək, bunu “Fələstin xalqının kürəyinə sancılmış xəncər” adlandırdılar. “İbrahim sazişləri” bütövlükdə, regionda sabitliyin güclənməsinə müsbət təsir göstərdi. Xüsusilə sazişə imza atan ölkələr arasında iqtisadi və ticari əlaqələr genişləndi. Üstəlik, İsraillə bir çox ərəb dövlətləri arasında müdafiə, kibernetika sahələrində əməkdaşlıq gücləndi. Məsələn, hazırda İsrail Mərakeşin əsas silah tədarükçüsünə çevrilib. “İbrahim sazişi” çərçivəsinə qoşulmaq üçün namizəd olan ölkələrdən birinin Azərbaycan olduğu da qeyd edilib.
Professor Elxan Mirzəyev "İbrahim razılaşması"nı Yaxın Şərq hadisələri səbəbindən işlək olmadığını düşünür. Musavat.com-a danışan mütəxəssisin fikrincə, ərəb ölkələri ilə İsrail arasında yaxınlaşma prosesi indi real görünmür: "Bu layihə Trampın təşəbbüsü ilə həyata keçməli idi. Ancaq İrana hücum regionda gərginliyə səbəb oldu və bu da prosesi ertələdi. Ərəb ölkələri ilə İsrailin yaxınlaşması üçün bir çox problemlər həllini tapmalıdır. ABŞ və İsrailin İrana zərbələri, cavab olaraq ərəb ölkələrində hərbi bazalara hücumlar vəziyyəti dəyişdi. Bu şəraitdə bir araya gəlmək mümkün deyil. Azərbaycanın da iştirakı gözlənilmir. Çünki İranla münasibətlərimiz vacib faktordur".
E.Mirzəyevin sözlərinə görə, "İbrahim sazişi" regionda gərginlik tam aradan qalxandan sonra gündəmə gəlir: "Trampın Yaxın Şərqi qarışdırması Sülh Şurası ilə bağlı riskləri də yaratdı. Əslində, İrana hərbi müdaxilə olmasaydı, regionda yeni dövr başlaya bilərdi. Azərbaycanın iştirak etdiyi Sülh Şurasının fəaliyyəti aktivləşəcəkdi, "İbrahim sazişi"nə qoşulmaq prosesi sürətlənəcəkdi. Amma gedişatdan görünür ki, ləngimə olacaq. Sadəcə, o demək deyil ki, reallaşmayacaq".
Professor qeyd edib ki, bu sazişə Mərkəzi Asiya dövlətlərinin də bəzilərinin qoşulması gözlənilir: “Lakin hadisələrin inkişafından görünür ki, ABŞ və İsrail bu layihəni yaxın zamanlarda reallaşdıra bilməzlər. Azərbaycan, Qazaxıstan və Özbəkistan bu projedə yer ala bilər. Əslində Qazaxıstan qoşulub. Sadəcə, icra mexanizmi nədən ibarətdir, onu gözləmək lazımdır. Bütün hallarda İrana hücum bu məsələyə həssas yanaşmanı zəruri edib. Odur ki, zaman lazımdır və bölgədə sular durulmalıdır”.
Emil Salamoğlu
Musavat.com