EN

Dövlət Agentliyi: İstehlakçı hüquqları ilə bağlı müraciətlərin 30 faizi rəqəmsal sahə ilə bağlıdır

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin təxminən 30 faizi rəqəmsal sahədə yaranan münasibətlərlə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, yaşından, peşəsindən, cinsindən və tutduğu vəzifədən asılı olmayaraq hər bir insan istehlakçıdır və müasir cəmiyyətlərdə istehlakçı hüquqları artıq tam tanınmış hüquqlar sırasına daxildir.

“Dünya iqtisadiyyatı inkişaf etdikcə istehlakçıların cəmiyyətdə rolu artmağa başlayıb. Bugünkü tədbirin mövzusunun seçilməsi təsadüfi deyil. Agentlik olaraq ölkəmizdə istehlakçı hüquqlarının qorunmasını təmin edirik, hər zaman istehlakçı hüquqlarının müdafiəsini diqqət mərkəzində saxlayırıq. İstehlakçı hüquqlarının rəqəmsal sahədə müdafiə edilməsi dünyada ən vacib mövzulardan biri sayılır. Bu sahədə agentliyimiz bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Dayanıqlı iqtisadi inkişaf qarşılıqlı etimad üzərində qurulmalıdır”, - deyə agentliyin birinci müavini qeyd edib.

Foto: Azər İbrahimov

Video: İlham Nadirov

Chosen
90
3
azertag.az

4Sources