EN

Binəli Yıldırım: Nəqliyyat marşrutları xalqlar arasında sülh və dialoq körpüsüdür

BAKI, 12 mart. TELEQRAF

Müasir dünyada nəqliyyat marşrutları yalnız yük daşınması vasitəsi deyil, xalqlar arasında sülh, dialoq və təhlükəsizlik körpüsüdür.

Teleqraf xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə cərəyan edən proseslər fonunda alternativ bağlantıların əhəmiyyəti kəskin artıb.

B.Yıldırım qeyd edib ki, mürəkkəb jeopolitik şəraitdə Orta Dəhliz strateji önəm qazanaraq, qlobal iqtisadi dayanıqlıq üçün həlledici faktora çevrilib:

"Sözügedən marşrut Avropa və Asiyanı daha sürətli birləşdirməyə imkan verir. Bu layihə tək iqtisadi mənfəət deyil, həm də dünya ticarət sisteminin təhlükəsizliyini təmin edən vacib komponentdir. Logistik koordinasiyanın və gömrük prosedurlarının sadələşdirilməsi yaxın illərdə dəhlizin ötürücülük qabiliyyətini daha da yüksəldəcək".

TDT rəsmisi bu prosesdə Azərbaycan və Türkiyənin xüsusi çəkisini vurğulayıb.

O bildirib ki, rəsmi Bakı Xəzər regionunun əsas logistik mərkəzi kimi öz mövqeyini möhkəmləndirir, Türkiyə isə iki qitə arasında mühüm keçid qovşağı statusunda çıxış edir.

B.Yıldırım əlavə edib ki, bütün infrastruktur layihələrinin mərkəzində insan amili dayanmalıdır:

"İnkişaf və əməkdaşlığın ali hədəfi insanların rifahıdır. Biz burada təkcə nəqliyyat layihələrindən danışmırıq, həm də yeni fürsətlər yaratmaqdan, dövlətlər arasında etimad qurmaqdan və daha stabil gələcək formalaşdırmaqdan bəhs edirik. Dialoq və iqtisadi tərəfdaşlıq konfrontasiyanı əvəz etməlidir".

Chosen
61
35
teleqraf.com

10Sources