EN

Mütəxəssis: Əsas xəstəliklər vaxtında korreksiya edilmədikdə böyrək çatışmazlığı sürətlə inkişaf edə bilər

Bakı, 12 mart, AZƏRTAC

Böyrəklər həyati vacib funksiyalara malikdir və sutka ərzində 1500–2000 litr qanı filtrasiya edərək orqanizmin daxili mühitinin sabitliyini qoruyur. Onlar qandan toksinləri (kreatinin, sidik cövhəri və s.) və artıq mayeni xaric edir, elektrolit balansını və turşu-qələvi müvazinətini (pH) tənzimləyir. Böyrəklər, həmçinin renin fermenti ifraz edərək arterial qan təzyiqinin tənzimlənməsində iştirak edir. Eyni zamanda, eritropoetin hormonunun istehsalı vasitəsilə eritrositlərin yaranmasını (eritropoez prosesini) stimullaşdırır və D vitaminini aktivləşdirərək sümük mineral mübadiləsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nefroloq Hikmət İsmayılov deyib.

O bildirib ki, xroniki böyrək xəstəliyinə səbəb olan xəstəliklər sırasında şəkərli diabet (45–55 faiz) əsas yer tutur. Bundan başqa, arterial hipertoniya, qlomerulonefritlər, pielonefritlər (böyrək daşı xəstəliyi, sidik yolları infeksiyaları, reflüks nefropatiyalar, polikistoz xəstəliyi), sistem və irsi xəstəliklər də bu siyahıya daxildir: “Bu xəstəliklərdən əziyyət çəkən şəxslər risk qrupuna daxildirlər. Tibbin inkişafı ilə əlaqədar olaraq diaqnostik müayinələr zamanı istifadə olunan kontrast maddələrin tətbiqi nəticəsində kontrast nefropatiyası halları da qeydə alınır. Ona görə də əhalinin maarifləndirilməsi və vaxtında həkimə müraciət etməsi vacibdir. Əsas xəstəliklər düzgün və adekvat şəkildə vaxtında korreksiya edilmədikdə böyrək çatışmazlığı sürətlə inkişaf edə bilər”.

Hikmət İsmayılov diqqətə çatdırıb ki, böyrək xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupa bölünür. Kəskin böyrək zədələnmələri, adətən, törədici səbəb aradan qaldırıldıqda 2–3 həftə ərzində tam bərpa oluna bilər. Xroniki böyrək xəstəlikləri isə tam sağalmasa da, əsas xəstəliyin düzgün müalicəsi və adekvat korreksiyası nəticəsində uzun illər ərzində xəstəliyin sürətli inkişafının qarşısını almaq və ağırlaşmaları azaltmaq mümkündür.

“Sadalanan əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunduqda mütləq nefroloqa müraciət edilməli və mütəmadi tibbi nəzarət olmalıdır”, - deyə nefroloq vurğulayıb.

Chosen
79
1
azertag.az

2Sources