EN

® Bakıda I Beynəlxalq “AZEXIM Forum”: Beynəlxalq ticarət, logistika və maliyyə mexanizmləri diqqət mərkəzində

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Martın 11-də “Beynəlxalq ticarətdə logistika, gömrük və maliyyə mexanizmləri” mövzusunun müzakirəsinə həsr olunan I Beynəlxalq “AZEXIM Forum” keçirilib. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forum “Caspian Energy Club”, Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) və Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi tərəfindən birgə təsis edilmiş “AZEXIM Club” ekosisteminin ardıcıl və strateji inkişaf mərhələsi kimi təqdim olunub. Qeyd edək ki, bu təşəbbüs beynəlxalq bazarlarda mövqelərini möhkəmləndirməyi və fəaliyyət coğrafiyasını genişləndirməyi qarşısına məqsəd qoyan şirkətlər üçün etimad mühiti və etibarlı tərəfdaşlıqlar qurulmasına, eləcə də uzunmüddətli biznes imkanlarının yaradılmasına xidmət edir.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev çıxış ediblər.

200-dən çox iştirakçı, 8 dövlət qurumunun, 21 ölkənin səfiri və diplomatik korpusu təmsil edən səlahiyyətli nümayəndələrin iştirakı ilə keçirilən I Beynəlxalq “AZEXIM Forum”un əsas məqsədi ixrac və idxal fəaliyyəti ilə məşğul olan şirkətlərin xarici bazarlara çıxış imkanlarını genişləndirmək, davamlı və proqnozlaşdırılan ticarət əlaqələri qurmaq, regional iqtisadi əməkdaşlığı sistemli və uzunmüddətli əsaslar üzərində inkişaf etdirməkdir.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və “Caspian Energy Club”ın idarəedici direktoru Günel Quliyevanın moderatorluğu ilə baş tutan “sual-cavab” sessiyası çərçivəsində "Food City Agrocomplex"in baş icraçı direktoru Anar Ağayev, "AzTrade" MMC-nin təsisçisi və İdarə Heyətinin sədri İlkin Abuşov, "Azersun Holding"in baş direktoru və İdarə Heyətinin üzvü Savaş Uzan, "Paşa Maliyyə Holdinq"in baş icraçı direktorunun müavini, aparat rəhbəri Şahin Məmmədov və "Vumes" MMC-nin təsisçisi Vüsal Şərifov spiker qismində iştirak ediblər.

Forumun müzakirə gündəliyi Orta Dəhliz üzrə ticarət və logistika potensialının artırılması, ixrac-idxal əməliyyatlarında risklərin idarə olunması, xarici ticarətin maliyyələşdirilməsi alətləri, gömrük prosedurlarının optimallaşdırılması, eləcə də ESG və yaşıl ticarət tələbləri kimi aktual mövzuları əhatə edib. Müzakirələr zamanı qlobal ticarət zəncirlərində mövcud çağırışlar, eləcə də biznesin dəyişən geosiyasi və iqtisadi reallıqlara uyğunlaşma mexanizmləri əsas diqqət mərkəzində olub.

“Azərbaycan bu gün qlobal miqyasda yeni tranzit, ticarət və logistika mərkəzi, eləcə də etibarlı tərəfdaş kimi mövqelərini ardıcıl şəkildə möhkəmləndirir. Bu nailiyyətlərin əsasında ölkənin ali rəhbərliyinin, xüsusilə Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən uzaqgörən və ardıcıl iqtisadi siyasət dayanır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş müasir logistika və nəqliyyat infrastrukturu, habelə xarici ticarət sahəsində həyata keçirilən balanslaşdırılmış dövlət siyasəti idxal-ixrac əməliyyatlarının genişlənməsi üçün əlverişli imkanlar yaradır. Biz inanırıq ki, “AZEXIM Forum” bu həyata keçirilən siyasətin məntiqi davamı olaraq biznes üçün real imkanlar yaradan təşəbbüs kimi öz yerini tutacaq”, - deyə Telman Əliyev bildirib.

“Caspian Energy Club” haqqında qısa məlumat:

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
52
azertag.az

1Sources