Avropada SİRLİ RADİO: fars dilində şifrələr YAYIMLANIR
Ajans.az xəbər verir ki, bu barədə araşdırma aparan Financial Times məlumat yayıb. Məlumata görə, sirli yayım müharibənin ilk günündə – ABŞ və İsrailin İrana hücumlarından demək olar ki, dərhal sonra başlayıb. Siqnal Avropanın tezlik zonasındakı təxminən 7910 kilohers qısa dalğalı tezlikdə yayımlanır və uyğun radio qəbuledicisi olan istənilən şəxs tərəfindən dinlənilə bilir. Müxtəlif ölkələrdəki radio həvəskarları yayımlarda kişi səsinin əvvəlcə fars dilində “tavajjoh” (“diqqət”) sözünü bir neçə dəfə təkrarladığını, daha sonra isə uzun rəqəm ardıcıllıqlarını diktə etdiyini bildiriblər. Araşdırmaya görə, bu cür yayımlar Soyuq Müharibə dövründə geniş istifadə edilən klassik “nömrə stansiyaları”nı xatırladır. Həmin stansiyalar kəşfiyyat xidmətləri tərəfindən xaricdəki agentlərə gizli təlimatlar ötürmək üçün istifadə olunurdu. Mütəxəssislərin fikrincə, hazırkı siqnallar da İrandakı agentlərlə şifrələnmiş əlaqə vasitəsi ola bilər. Keçmiş ABŞ kəşfiyyat rəsmiləri bildirirlər ki, belə stansiyalar adətən birtərəfli rabitə rejimində işləyir. Agentlər əvvəlcədən müəyyən edilmiş vaxtda yayımı dinləyir, diktə olunan nömrələri qeyd edir və xüsusi kod cədvəli vasitəsilə mesajı deşifrə edirlər. Ekspertlərin sözlərinə görə, bu üsulla göndərilən məlumatları ələ keçirmək və ya sındırmaq demək olar ki, mümkün deyil, çünki şifrələmə sistemi çox sadə görünməsinə baxmayaraq son dərəcə etibarlı hesab olunur.