EN

Şarl Mişel: "Avropanın Rusiyanın enerji və Çin təchizatından asılılığı dövrü artıq geridə qalır"

Avropa İttifaqı Şurasının sabiq prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxışı zamanı Avropanın və ümumilikdə beynəlxalq nizamın qarşılaşdığı ciddi çağırışlardan danışıb.

Musavat.com bildirir ki, Şarl Mişel Avropa İttifaqının qurulduğu əsas prinsiplər - sülh, rifah və demokratik dəyərlərin hazırda müxtəlif təhdidlər altında olduğunu deyib:

"Son illərdə dünya siyasətində baş verən hadisələr Avropa üçün yeni və mürəkkəb geosiyasi reallıq yaradıb. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərqdə artan gərginlik Avropanın təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib. Bu hadisələr təkcə regional münaqişə kimi deyil, həm də beynəlxalq hüquq sisteminin sınağı kimi qiymətləndirilir.

Beynəlxalq münasibətlər sistemində son illərdə ikili standartların artması da qlobal nizamın əsaslarına ciddi zərbə vurur. Bəzi hallarda beynəlxalq hüququn selektiv şəkildə tətbiq olunması həm demokratik institutlara, həm də seçki sistemlərinə olan etimadı sarsıdır. Bu isə qlobal siyasi sistemdə daha dərin böhranların yaranması riskini artırır".

Şarl Mişel bildirib ki, mövcud vəziyyət Avropa İttifaqını yeni strategiyalar hazırlamağa vadar edir. Onun sözlərinə görə, Aİ həm iqtisadi, həm də siyasi baxımdan daha çevik və güclü olmalıdır. O qeyd edib ki, Avropa İttifaqı qarşıdakı dövrdə üç əsas istiqamət üzrə daha qətiyyətli addımlar atmalıdır:

"Birinci istiqamət Avropanın rəqabət qabiliyyətinin gücləndirilməsidir. Aİ iqtisadi inkişafını sürətləndirmək üçün innovasiyaya mane olan həddindən artıq tənzimləmələri azaltmalı və biznes mühitini daha əlverişli etməlidir.

İkinci istiqamət təhlükəsizlik və müdafiə sahəsində Avropanın imkanlarının genişləndirilməsidir. Son illərdə baş verən geosiyasi hadisələr Avropanın müdafiə potensialının artırılmasının artıq təxirəsalınmaz məsələ olduğunu göstərir. Avropa öz təhlükəsizlik sistemini gücləndirməli və bu sahədə daha böyük məsuliyyət götürməlidir.

Üçüncü istiqamət isə qlobal iqtisadi əlaqələrin və təchizat zəncirlərinin şaxələndirilməsidir. Qlobal iqtisadi mühit sürətlə dəyişir və Avropa bu dəyişikliklərə uyğun yeni iqtisadi strategiya formalaşdırmalıdır.

Şarl Mişelin fikrincə, Avropanın uzun illər ərzində bəzi ölkələrdən iqtisadi asılılığı artıq ciddi risklər yaradıb. O vurğulayıb ki, Avropanın Rusiyanın enerji resurslarından və Çinin istehsal və təchizat zəncirlərindən yüksək asılılığı dövrü artıq geridə qalır.

"Biz təchizat zəncirlərimizi şaxələndirməliyik. Rusiya fosil yanacaqlarından və Çin istehsal zəncirlərindən asılı olduğumuz dövr artıq keçmişdə qalıb", - deyə o qeyd edib.

Onun sözlərinə görə, qlobal iqtisadi riskləri azaltmaq üçün Avropa yeni tərəfdaşlıqlar qurmalı və strateji əməkdaşlıq coğrafiyasını genişləndirməlidir.

Şarl Mişel çıxışında həmçinin transatlantik münasibətlərə də toxunub. O bildirib ki, Avropa ilə ABŞ arasında mövcud olan ənənəvi strateji ittifaq da dəyişən qlobal reallıqlar fonunda yeni mərhələyə qədəm qoyur.

Mişelin sözlərinə görə, bu dəyişikliklər Avropa İttifaqının daha müstəqil və strateji qərarlar qəbul etməsini zəruri edir. Onun fikrincə, Avropa həm öz təhlükəsizliyinə daha çox məsuliyyətlə yanaşmalı, həm də qlobal siyasətdə daha fəal rol oynamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
61
1
olaylar.az

2Sources