EN

İrandan 4 dron atıldı, türk general Naxçıvana göndərildi - “Səfər gözlənilən idi”

“2021-ci ilin iyul ayının 15-də imzalanan Şuşa Bəyannaməsinin şərtlərinə uyğun olaraq, Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqlik münasibətləri var. Baş verə biləcək təhlükələrin birgə qiymətləndirilməsi və ona qarşı razılaşdırılmış addımların atılması mexanizmi mövcuddur”.

Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, general Metin Tokelin Naxçıvana səfəri gözlənilirdi:

“Bu, bir çox məsələlərə aid olan qarşılıqlı öhdəliklərdən irəli gəlir. Məncə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu öhdəliklərin praktiki şəkildə icrasıdır. Sərhədimizdə müharibə gedir və müxtəlif təxribatlar mümkündür. Bununla əlaqədar olaraq, həm Azərbaycan, həm də Türkiyənin müvafiq qurumları lazımi addımları atmaqda davam edəcəklər. Bu baxımdan, general Metin Tokelin səfəri gözlənilən idi”.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə vurğulayıb ki, təkcə Naxçıvana deyil, Azərbaycanın istənilən ərazisinə hərbi hücumlar olarsa, Ankara Bakı ilə birlikdə adekvat cavab verməyə hazırdır:

“Sözsüz, ordu generalı Metin Tokelin Naxçıvana səfəri birbaşa olaraq, Azərbaycan və Türkiyə arasında hərbi müttəfiqliyin təzahürüdür. İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsi var. Regionda vəziyyət qarışıqdır, İsrail, ABŞ və İran arasında müharibə gedir. Azərbaycan və Türkiyə silahlı qüvvələri müxtəlif vaxtlarda birgə hərbi təlimlər keçirib. Təkcə Naxçıvana deyil, ümumiyyətlə Azərbaycana qarşı hər hansı hücum, yaxud təhlükə baş verərsə, Türkiyə hərbi müttəfiq kimi mütləq müdaxiləsi mümkündür.

Azərbaycan və Türkiyə istər hərbi, istərsə də siyasi olaraq, bir-birinə arxadır. Metin Tokelin rəhbərlik etdiyi hərbi nümayəndə heyətinin Naxçıvana səfəri elə-belə deyil”.

Qeyd edək ki, martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
23
yenisabah.az

1Sources