EN

Amerikalılar müttəfiqlərdən soyuyur – Kanada və Britaniyaya münasibət enişdə

ABŞ-da aparılan yeni sorğu amerikalıların ənənəvi müttəfiqləri olan Kanada və Böyük Britaniyaya münasibətinin son illərdə nəzərəçarpacaq dərəcədə zəiflədiyini göstərir.

Musavat.com "Politico" saytına istinadən xəbər verir ki, ABŞ-da keçirilən yeni Gallup sorğusu amerikalıların ənənəvi müttəfiqləri olan Kanada və Böyük Britaniyaya münasibətinin son illərin ən aşağı səviyyəsinə düşdüyünü göstərib.

Sorğunun nəticələrinə görə, amerikalıların 80 faizi Kanadaya, 76 faizi isə Böyük Britaniyaya müsbət münasibət bəsləyir. Bu, Gallup-un Kanadaya münasibətlə bağlı 1987-ci ildən, Böyük Britaniya ilə bağlı isə 1989-cu ildən apardığı sorğular tarixində ən aşağı göstərici hesab olunur. Eyni zamanda bu rəqəmlər ötən illə müqayisədə müvafiq olaraq 11 və 12 faiz bəndi azalma deməkdir.

Araşdırma göstərir ki, bu azalma əsasən respublikaçı seçicilərin mövqeyindəki dəyişikliklə bağlıdır. Belə ki, respublikaçılar arasında Kanadaya müsbət münasibət 23 faiz, Böyük Britaniyaya münasibət isə 20 faiz azalıb. Demokrat seçicilər arasında isə Kanadaya müsbət münasibət 3 faiz bəndi artıb, Böyük Britaniyaya münasibət isə 4 faiz azalıb.

Politoloqlar bunu ABŞ prezidenti Donald Trampın son bir ildə Qərb müttəfiqləri ilə gərgin ritorikası ilə əlaqələndirirlər. Tramp son aylarda xüsusilə Böyük Britaniyanın baş naziri Keyr Starmeri İran müharibəsi ilə bağlı mövqeyinə görə tənqid edib və jurnalistlərə açıqlamasında “Biz indi Uinston Çörçill səviyyəsində liderlə üz-üzə deyilik” ifadəsini işlədib.

ABŞ prezidenti ilə Kanada baş naziri Mark Karni arasında da münasibətlər gərgin olaraq qalır. Tramp Kanadaya qarşı tariflər tətbiq etməyə çalışıb və tez-tez bu ölkəni ABŞ-ın “51-ci ştatı” adlandırıb.

Sorğu nəticələrinə görə, amerikalıların Çinə münasibəti isə müəyyən qədər yaxşılaşıb. Hazırda amerikalıların 34 faizi Çinə müsbət yanaşır ki, bu da üç il əvvəlki göstəricidən iki dəfədən çoxdur. Buna baxmayaraq, Çin hələ də ABŞ ictimaiyyətində ən az sevilən böyük dövlətlərdən biri olaraq qalır.

Sorğuda amerikalıların ən müsbət yanaşdığı ölkələr sırasında Yaponiya və İtaliya göstərilir. Ən mənfi münasibət isə Rusiya, İran və Şimali Koreya kimi ölkələrədir.

Musavat.com

Chosen
25
musavat.com

1Sources