EN

AHİK nümayəndə heyəti Cenevrədə görüşlər keçirib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin fəaliyyəti üzrə bürosunun (ACTRAV) yeni təyin olunmuş direktoru Oliver Röpke və BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Emanuele Julien ilə görüşlər keçirib.

"Unikal" xəbər verir ki, görüşlər zamanı Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə əmək hüquqlarının müdafiəsinin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu deyib, həmkarlar ittifaqlarının bu istiqamətdə fəaliyyətindən bəhs edib.

AHİK ilə BƏT arasında formalaşmış qarşılıqlı faydalı əməkdaşlıqdan, bu əməkdaşlığın praktik və nəticəyönümlü xarakter daşıdığından söz açan Konfederasiya sədri BƏT-in işçi hüquqları ilə bağlı 10-u fundamental olmaqla 60 konvensiyasının Azərbaycan tərəfindən ratifikasiya edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, cari ilin fevral ayında Azərbaycanda BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi ölkəmizdə beynəlxalq əmək standartlarına verilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, konvensiyadan irəli gələn öhdəliklərin icrası istehsalat xəsarətlərinin azalmasına və insan kapitalının qorunmasına mühüm töhfə verəcək.

Görüşlərdə həmçinin “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasından, BƏT ACTRAV-la əməkdaşlığın genişləndirilməsindən danışılıb, Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verilib.

BƏT nümayəndələri AHİK ilə əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə edib, əməyin mühafizəsi, layiqli əmək şəraitinin yaradılması, ittifaq üzvlərinin maarifləndirilməsi və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd ediblər.

Həmçinin Azərbaycanda həyata keçirilən sosial siyasət, əmək münasibətlərinin tənzimlənməsi mexanizmləri və sosial tərəfdaşlığın inkişafı yüksək qiymətləndirilib, həmkarlar ittifaqları sistemində aparılan islahatlar müsbət dəyərləndirilib.

Görüşlərdə əməkdaşlığın perspektivləri də müzakirə olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Chosen
37
6
unikal.az

8Sources