EN

“İcra başçısıdırsa, jest etmiş olar” - Rüfət Nasosnu ilə MÜSAHİBƏ

Tanınmış meyxanaçı Rüfət Nasosnu İTV-də yayımlanan “Milyonların şousu” verilişində iştirak edib, 15 sualdan 10-na cavab verib, üç min manat qazanıb. Bu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub, xeyli adam meyxanaçını tərifləyib.  

Amma məsələ təkcə sosial mediadakı müzakirələrlə bitməyib, rəsmi şəxslər də buna biganə qalmayıblar. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Rüfət Nasosnu ilə görüşüb. Görüşdən sonra meyxanaçının paylaşdığı foto isə müzakirə mövzusuna çevrilib. 

“Yeni Sabah”a danışan meyxanaçı tənqidlərə açıq və səmimi cavab verib. O, görüşün detallarını müsahibəsində bölüşüb.

- Zakir Fərəcovla görüşünüz necə baş tutdu? Qarşı tərəfin təşəbbüsü ilə oldu, yoxsa sizin istəyinizlə?

- Xeyr, Zakir müəllim özü xəbər göndərmişdi ki, gəlsin, onu görmək istəyirəm. Mən də vaxt ayırıb getdim.

- Görüşdə nələrdən danışdınız?

- Zakir müəllim məni çox xoş qarşıladı. Hal-əhval tutdu, səhhətimlə maraqlandı. Axı o, şəhərin icra başçısıdır. Mən də şəhərin ictimai və sosial həyatında tanınan adamlardanam. Sənətim barədə sual verdi, işlərimin necə getdiyini, maddi durumumu, ev şəraitimi soruşdu.

Biz də bu ölkənin vətəndaşıyıq. Dedi ki, sənə nə kömək lazımdır? Mən də cavab verdim ki, işimlə dolanıram, xüsusi ehtiyacım yoxdur.

Daha sonra qazilərdən, şəhid ailələrindən danışdım. İcra nümayəndələri Vətən müharibəsi qazilərinə kömək edirlər, evi olmayanlara dəstək göstərirlər, bayramlarda ziyarət edirlər.

Mənim yaşadığım H.Z.Tağıyev qəsəbəsindəki küçədə 12 şəhid ailəsi var. Məsələn, “Facebook”dakı profil şəklimdəki oğlan elə qonşumuz olan şəhid övladıdır. Onun üçün dəstək göstərilməsi ilə bağlı müraciət etmişdim. Mən də bir vətəndaş kimi şəhidlərin unudulmamasına çalışıram.

Onlar da bayramlarda və müxtəlif tədbirlərdə şəhid ailələrini ziyarət edir, problemləri ilə maraqlanırlar. Mən demirəm ki, bütün problemlər tam həll olunur, amma hər kəs bacardığı qədər kömək etməlidir. İcra Hakimiyyəti də, digər qurumlar da imkanları daxilində dəstək göstərməlidir. Biz bir-birimizə dayaq olmasaq, gələcəyimiz olmaz.

- İcra başçısı sizin “Milyonların şousu” verilişində iştirakınızı necə qiymətləndirdi?

- Mən “Milyonların şousu”na çıxmamışdan əvvəl də verilişə baxırmış. Dedi ki, hər şənbə günü verilişi daimi izləyir. Yarım saatdan çox oturub bu barədə söhbət elədik. Hətta digər verilişlərdən, aparıcılardan da danışdı. Ümumiyyətlə, o qədər işi və problemi olmasına baxmayaraq, çox şeylə maraqlanan insandır. Zakir müəllim yalnız otağında olmur, hər şeylə maraqlanır. Bu Zakir müəllimin üstünlüyüdür.

- Yəni demək istəyirsiniz ki, o kabinet məmuru deyil?

- Bəli. O, xalqın içində olan adamdır. Necə ki, şəhid Milli Qəhrəman Polad Həşimov barədə deyirlər ey, kabinet generalı deyildi, səngər generalı idi. Zakir müəllim də kabinetdə oturan adam deyil. Biz əvvəllər də eşidirdik ki, Zakir Fərəcov qəsəbələrdə sadə insanların yanında oturub çay içir. O adam xalqın arasından çıxıb, zəhmətlə bu vəzifəyə gəlib. Ona görə də insanların problemlərini yaxşı bilir.

- Sizin paylaşımınızdan sonra başçı ilə fotoşəkiliniz saytlarda xəbər oldu, sosial şəbəkələrdə də çox paylaşıldı. Bəziləri bunu müsbət qiymətləndirdi, amma tənqid edənlər də oldu. Dedilər ki, icra başçısının işi qurtarıb ki, meyxanaçı ilə görüşür. Siz bu tənqidlərə necə baxırsınız?

-Tənqid sağlam olanda ondan nəticə çıxarmaq olar. Amma sadəcə “meyxanaçı” deyib keçmək düzgün deyil. İnsan haqqında fikir bildirəndə onun həyat tərzinə baxmaq lazımdır. Cəmiyyətə nə xeyri və ya ziyanı var, insanı buna görə qiymətləndirmək lazımdır. İnsan haqqında fikir bildirəndə buna diqqət etmək lazımdır. Maşallah, təkəbbürlülük kimi çıxmasın, paylaşımlarıma hər gün 200 min, 500 min, bəzən 1 milyona yaxın insan baxır. Mənə yüzlərlə mesaj gəlir, rəy yazılır, təşəkkür, minnətdarlıq və sevgi dolu sözlər yazırlar. Mən bu xalqın övladıyam və bu xalqdan razıyam. Pis insanlar hər yerdə var.

Təbii ki, məni də tanımayan, sevməyən insanlar var. Amma insan haqqında fikir deməzdən əvvəl onu tanımaq lazımdır.

Mənim yaxşı tərəflərimi bilməyənlər də var. Sosial şəbəkələrdə bəzən 4-5 saxta profil açıb yazanlar olur. Çox vaxt belə insanlar feyk (saxta) profillər açıb insanları, xüsusilə məşhurları təhqir edirlər. Mədəni insanlar bir-birini təhqir etməz. Əgər tənqid varsa, bunu birbaşa adama yazmaq olar. Tənqid o zaman faydalıdır ki, ondan nəticə çıxarmaq mümkün olsun. Çox adamın arasında edilən tənqid isə bəzən təhqirə bərabər olur.

- İcra başçısı Zakir Fərəcovun sizə hədiyyə verdiyi deyilir, düzdür?

- Açığı, mən bu sualı gözləmirdim. Yəqin ki, icra başçısıdırsa, jest etmiş olar. İcra başçısının mənə diqqət göstərməsi mənim üçün elə ən böyük hədiyyə idi.

Sumqayıtda 600 minə yaxın insan yaşayır. Bu qədər şəhid ailəsi, qazilər var. Şəhərin inkişafı, su problemi, yol problemi və bir çox başqa məsələlər var. Bayramlar, tədbirlər var, bütün bunların fonunda mənə vaxt ayırması böyük bir şeydir.

- Səhhətinizdə problem olduğu deyilir. Narahatlığınız nə ilə bağlıdır?

- Bəziləri deyir ki, bunun səsinə bax, belə aparıcı olar? Amma bilmirlər ki, xaricdə də aparıcılar var ki, səsləri mənimki kimi olsun deyə müəyyən prosedurlar edirlər. Mənim də boğazımla bağlı problemlərim var. Bronxit və farinqitdən əziyyət çəkirəm. Bu da səsimə müəyyən qədər təsir edir.

- Bir xəbər də yayıldı ki, sizin veriliş bağlanıb. Bu doğrudur?

- Xeyr, veriliş bağlanmayıb. Sadəcə müəyyən səbəblərə görə qısa fasilə verilib. Ola bilər ki, yaxın zamanda yeni layihələrlə və ya verilişlərlə yenidən ekranlara qayıdaq.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
54
yenisabah.az

1Sources