EN

Moldova MDB-dən çıxmaq üçün son addımı atdı

Moldova hökuməti ölkənin MDB-dən çıxması ilə bağlı qərarı təsdiqləyib.

Musavat.com xəbər verir ki, Moldova Nazirlər Kabineti Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması ilə bağlı müqavilələrin ləğvini nəzərdə tutan qətnamələri təsdiq edib. Bu addım ölkənin təşkilatdan çıxması prosesində son mərhələ hesab olunur.

Qaydalara görə, MDB-dən ayrılmaq istəyən üzv dövlət təşkilatın İcra Komitəsinə rəsmi bildiriş təqdim etməlidir. Müvafiq müqavilələr qüvvədən düşdükdən sonra isə əməkdaşlıq mexanizmləri 12 ay ərzində tam dayandırılır.

Kişinyov 1990-cı illərin əvvəllərində imzalanmış üç əsas sənəddən imtina edir. Bunlar 22 yanvar 1993-cü ildə Minskdə qəbul edilən MDB Nizamnaməsi, 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında müqavilə və 22 dekabr 1991-ci il tarixli əlavə protokoldur.

Qərarın qüvvəyə minməsi üçün sənəd əvvəlcə parlament tərəfindən təsdiqlənməli, daha sonra imzalanması üçün Moldova prezidenti Maia Sanduya təqdim olunmalıdır.

Qeyd edək ki, formal olaraq Moldova artıq bir neçə ildir – 2023-cü ildən etibarən MDB strukturlarının fəaliyyətində iştirak etmir.

Chosen
45
musavat.com

1Sources