Şair ruhlu müəllim ömrü
7 mart 2026-cı il tarixində Masallı rayonunun Ərkivan qəsəbəsi dəyərli bir ziyalısını itirdi. Bu itki təkcə ailəsi və yaxınları üçün deyil, həm də onu tanıyan, onunla ünsiyyətdə olan hər kəs üçün böyük kədər oldu.
O, uşaqlıq illərindən zəhmətə alışmış, həyatın çətinliklərinə səbr və əzmlə sinə gərmişdi. Erkən yaşlarından çalışqanlığı və məsuliyyət hissi ilə seçilən bu insan sonradan şərəfli və hörmətli bir peşəyə yiyələnərək cəmiyyətə faydalı olmağı öz həyat amalına çevirdi.
El-obada, yaşadığı mühitdə və fəaliyyət göstərdiyi təhsil ocaqlarında nümunəvi şəxsiyyət kimi tanındı. Sadəliyi, insanpərvərliyi, zəhmətsevərliyi və yüksək mənəvi keyfiyyətləri ilə insanların hörmət və rəğbətini qazandı.
Haqqında bəhs etdiyim Mətləb İdris oğlu Mikayılov 10 may 1955-ci ildə Masallı rayonunun Ərkivan kəndində (indi qəsəbədir) zəhmətkeş və sadə bir ailədə dünyaya göz açıb.
1971-ci ildə Bağlakücə kənd səkkizillik məktəbini, 1973-cü ildə isə Cəfər Cabbarlı adına Ərkivan kənd tam orta məktəbini yüksək nəticələrlə bitirib. Məktəb illərindən məsuliyyətli, nümunəvi şagird kimi tanınıb.
1975-1977-ci illərdə hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək qərarına gəlib. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil alıb.
Ömrünün 45 ilini pedaqoji cəbhədə keçirib Mətləb müəllim. O, Musaküçə, Lürən kəndlərində, eləcə də Ərkivan qəsəbəsinin 4 və 3 saylı tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı fənnini böyük sevgi və məsuliyyətlə tədris edib.
Uzun illər ərzində yüzlərlə şagird yetişdirib. Mətləb müəllim peşəsinə böyük sədaqətlə yanaşıb, gənc nəslin savadlı və vətənpərvər ruhda formalaşmasına öz töhfəsini verib. Təqaüdə çıxdıqdan sonra da pedaqoji fəaliyyətindən uzaqlaşmayıb, repetitorluqla məşğul olaraq şagirdlərə biliklərini paylaşmağa davam edib. Onun hazırladığı şagirdlər ali məktəblərə qəbul imtahanlarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə yüksək nəticələr göstərərək müəllimlərinin əməyini doğruldublar.
Bu gün müxtəlif sahələrdə çalışan yetirmələri vurğulayır ki, Mətləb müəllimin dərsləri bizim üçün təkcə bilik mənbəyi deyil, həm də tərbiyə və həyat məktəbi olub...
Ömür-gün yoldaşı Südabə xanımla birlikdə mehriban və nümunəvi bir ailə qurub, bu ailədə beş qız övladı böyüdüb boya-başa çatdırıblar. Qayğıkeş ata və məsuliyyətli valideyn kimi övladlarının təhsilinə, mənəvi tərbiyəsinə daim xüsusi diqqət yetirib, onların savadlı və ləyaqətli insan kimi formalaşması üçün əlindən gələni əsirgəməyib Mətləb müəllim.
Bu zəhmətin və qayğının bəhrəsi olaraq qızları da təhsildə və həyatda uğurlu yol seçiblər. Aysel Azərbaycan Dövlət Xarici Dillər Universitetində həm bakalavr, həm də magistr pilləsi üzrə təhsil alıb. Günay isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək elmə və ədəbiyyata olan marağını təsdiqləyib. Gülnar, Röya və Tamilla isə müəllimlik yolunu seçərək ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir, gənc nəslin təlim-tərbiyəsində öz paylarını verirlər.
Bu gün onların hər biri öz ailəsinin, ocağının sahibidir. Mikayılovlar ailəsinin sevincini, nurunu isə on bir nəvə artırır.
Vaxtilə onunla bir sinifdə oxumuş, sonrakı illərdə isə uzun müddət çiyin-çiyinə çalışmış veteran pedaqoq Məmmədağa Sadıqovun sözlərinə görə, Mətləb müəllim öz ixtisasını dərindən bilən, Azərbaycan dili və ədəbiyyatının incəliklərinə mükəmməl bələd olan pedaqoqlardan idi. Həm zəngin biliyi, həm də yüksək şəxsi keyfiyyətləri ilə həmkarları arasında seçilirdi. Dərslərə hazırlığı, mövzunu şagirdlərə sadə və anlaşıqlı şəkildə çatdırmaq bacarığı, eyni zamanda səmimi və təvazökar davranışı onu hər kəsin hörmət etdiyi müəllimlərdən birinə çevirmişdi.
Bununla belə, o, heç vaxt öz uğurları ilə öyünməyi sevməzdi. Sakit təbiətli, təvazökar insan idi və gördüyü işi sözlə deyil, əməli ilə sübut etməyi üstün tutardı. Məktəbdə keçirilən müxtəlif tədbirlərin, ədəbi-bədii gecələrin və maarifləndirici proqramların təşkilində fəal iştirak edərdi.
Mətləb müəllim şair təbiətli idi. Hələ orta məktəb illərindən qəlbində sözə və duyğulara qarşı xüsusi bir həssaslıq hiss olunur, bu hisslər onu tez-tez qələmə sarılmağa sövq edirdi. O, gənc yaşlarından şeir yazır, duyduqlarını, düşündüklərini misralara çevirirdi. Onun qəlbi sevgi və məhəbbətlə dolu idi. Elə buna görə də yazdıqlarının böyük bir hissəsi sevgidən, sədaqətdən, həsrətdən bəhs edirdi.
O gedən sənmisən, gələn sənmisən?
Özüm başdan-başa gözlərimdə sən,
Təkcə baxışların ora sığmayır...
Bu sətirlər onun daxili aləminin nə qədər duyğulu və poetik olduğunu bir daha hiss etdirir.
İstər məktəb illərində, istərsə də tələbəlik dövründə onu tanıyan dostları və yoldaşları Mətləb müəllimi zarafatla deyil, səmimi bir ehtiramla “şair” deyə çağırırdılar. Çünki onun sözə münasibəti, duyğularını ifadə etmə tərzi adi bir həvəsdən daha artıq idi. Bu, sanki onun təbiətindən gələn bir istedad idi:
Göylər mənə elə yaxın,
Əl uzatsam, əlim çatar.
Göylər mənə elə yaxın,
Dil uzatsam, dilim çəkər.
Ürəyimdə elə soyuq,
Bu soyuğa ölüm çatar.
Son anımda kəfən olub,
Bürün mənə, görün mənə!
Təəssüf ki, zaman keçdikcə yazdığı şeirlərin toplandığı külliyat itib-batmış, o misraların bir çoxu günümüzə gəlib çatmayıb. Lakin yaddaşlarda qalan bəzi misralar onun necə incə duyğulu bir qəlbə sahib olduğunu göstərir:
Kim kəsib yolların axarın belə,
Küçələr görəsən niyə sınıbdır?
Sən mənim qəlbimə yaxınsan elə,
Halıma göylər də doluxsunubdur.
Və ya:
Necə qıyarsan ki, dünyam boşala,
Dolana başıma səma da, yer də.
Qaranlıq otaqda xəyalın qala,
Röyamda sən özün durduğun yerdə.
Əfsuslar olsun ki, Mətləb müəllim şair kimi yaradıcılığını sonrakı illərdə davam etdirməyib...
Əmim, Əməkdar məşqçi Nadir Ağayev haqqında yazdığım “Pəhləvanın salnaməsi” kitabında filoloq Mətləb Mikayılovun “İntibah dövrünün həqiqət nuru” adlı yazısında böyük mətləblərdən bəhs edilir: “...Dahi İ. Nəsiminin şəkli şair Ə. Kürçaylının üz cizgiləri əsasında hazırlanıb. Əgər rəssam olub, Azəbaycanın simvolik kişi obrazını yaratmaq tapşırığını alsaydım, mən onu Nadir Ağayevin üz cizgiləri əsasında hazırlayardım.
...Elə bil bu gülərüzlü insan yenə qarşımda durub: – Kişioğlu, necəsən? –deyə hal-əhval tutur.
...Ən yaxşıya “siz yaxşı olun” demək mümkündürmü?...
Nadir müəllim...Tayı-bərabəri olmayan bir insan...
Keçəmmirəm, bir güləşçi deyib sənə,
Heyif sənə... heyif sənə... heyif sənə...”
M.Mikayılov illər keçsə də, məktəb və tələbəlik dostlarını heç vaxt unutmayıb. Vaxtaşırı olaraq köhnə yoldaşları ilə əlaqə saxlayar, hal-əhval tutar, keçmiş xatirələri yada salar, dostluq bağlarının qırılmasına imkan verməzdi. Onun üçün bu münasibətlər yalnız xatirə deyil, həm də mənəvi dəyər idi.
Tələbə yoldaşları arasında yüksək vəzifələrdə çalışanlar da vardı. Lakin Mətləb müəllim heç vaxt bu tanışlıqlardan şəxsi maraqları üçün istifadə etməyi düşünməzdi. Nə özü, nə də övladları üçün kimdənsə nəsə xahiş etməyi sevməz, hər şeyin zəhmət və ləyaqətlə qazanılmasını üstün tutardı.
Sadə həyat tərzi sürən, təvazökar davranışı ilə seçilən Mətləb müəllim eyni zamanda qürurlu və prinsipial insan idi. Onun üçün insanın ən böyük sərvəti adı, ləyaqəti və əməyilə qazandığı hörmət idi. Buna görə də həyat boyu bu dəyərlərə sadiqliyi ilə ətrafındakıların yaddaşında sadə, ləyaqətli və qürurlu bir insan kimi qaldı.
Mətləb Mikayılov yaxşı insan, qayğıkeş ata və ən yaxşı müəllim kimi xatirələrdə yaşayacaq. Uzun illər ərzində yetişdirdiyi şagirdlər, verdiyi bilik və tərbiyə isə onun ömür yolunun ən dəyərli yadigarıdır.
Mətləb müəllimin işıqlı ömür yolu gələcək nəsillər üçün nümunə olaraq qalacaq.
Akif AĞAYEV