Avropa İttifaqı (Aİ) Gürcüstandakı Kulevi neft terminalını Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin mümkün obyektləri siyahısından çıxarıb.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu Aİ-nin rəsmi nümayəndəsi Şivon MakQerri Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti və terminalın operatoru olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sallivanı Brüsselin narahatlığına səbəb ola biləcək fəaliyyətlərə yol verməyəcəklərinə əmin ediblər.
Aİ nümayəndəsinin sözlərinə görə, Brüsseldə terminalın sanksiyalardan yayınaraq Rusiya neftinin ixracı üçün istifadə oluna biləcəyinə dair narahatlıqlar var idi.
Aİ nümayəndəsi qeyd edib ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bundan sonra Rusiyanın kölgə donanmasının heç bir tankerinin Gürcüstan limanlarına buraxılmayacağına dair öhdəlik götürüb. Onun sözlərinə görə, SOCAR da əlavə öhdəliklər götürüb.