EN

İş mühitində süni intellektdən istifadə nələrə yol açırmış…

İş həyatında süni intellekt alətlərinin geniş yayılması məhsuldarlığı artırmaq məqsədi daşısa da, yeni bir araşdırma bu texnologiyaların işçilərin zehni sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub. Araşdırmaya görə, iş prosesində süni intellekt alətlərindən intensiv istifadə edən bəzi əməkdaşlar “beyin yanması” adlandırılan xüsusi bir zehni yorğunluq vəziyyəti ilə üzləşə bilər.

Araşdırma “Harvard Business Review” tədqiqatçıları tərəfindən aparılıb. Müxtəlif sahələrdə çalışan təxminən 1500 amerikalı ilə keçirilən sorğu nəticəsində müəyyən edilib ki, işini sürətləndirmək və performansını artırmaq üçün süni intellektdən istifadə edən əməkdaşlar arasında diqqətçəkən bir psixoloji və koqnitiv yük formalaşır.

Tədqiqat müəllifləri bildiriblər ki, süni intellekt alətlərinin davamlı şəkildə nəzarətdə saxlanılması və idarə olunması əməkdaşlarda ciddi zehni yorğunluq yaradır. Bu vəziyyət “süni intellekt alətlərinin intensiv monitorinqi və idarə olunmasından qaynaqlanan zehni gərginlik” kimi xarakterizə edilir və iş tapşırıqlarına fokuslanmağı çətinləşdirə bilir.

Araşdırmada bu fenomeni ifadə etmək üçün “beyin yanması” termini istifadə olunub. Tədqiqatçılara görə, bu hal süni intellekt texnologiyalarının həddindən artıq istifadə olunması və ya daim nəzarət tələb etməsi nəticəsində insanın koqnitiv imkanlarının həddindən artıq yüklənməsi ilə əlaqədardır.

Sorğuda iştirak edən əməkdaşlar bu vəziyyətin müxtəlif simptomlarını da qeyd ediblər. Ən çox rast gəlinən şikayətlər arasında baş ağrıları, qərarvermə prosesinin yavaşlaması və düşüncədə “bulanıqlıq” hissi yer alıb. Bəzi iştirakçılar yaşadıqları vəziyyəti süni intellekt alətləri arasında tez-tez keçid etməyin yaratdığı bir növ “zehni sərxoşluqdan sonrakı hal” kimi təsvir ediblər.

Araşdırmaya qatılan yüksək vəzifəli mühəndislik menecerlərindən biri bildirib ki, süni intellekt alətləri ilə işləyərkən gözlənildiyi kimi sürət artımı hiss etməyib. Onun sözlərinə görə, bəzən beyin sanki eyni anda açıq olan çoxsaylı internet səhifələri kimi işləyir və hər biri diqqəti cəlb etməyə çalışır. Menecer qeyd edib ki, problem düşünmə qabiliyyətinin itməsi deyil, zehni proseslərin həddindən artıq “səs-küylü” hala gəlməsidir.

Araşdırmanın nəticələrinə görə, “beyin yanması” problemi ən çox marketinq sahəsində çalışanlar arasında müşahidə olunub. Bu sahədə çalışan respondentlərin dörddə birindən çoxu belə bir vəziyyət yaşadıqlarını bildiriblər. Bundan başqa, insan resursları, maliyyə və proqram təminatının hazırlanması kimi sahələrdə çalışanlar arasında da yüksək göstəricilər qeydə alınıb.

Tədqiqat, həmçinin süni intellektlə əlaqəli zehni yorğunluq ilə iş yerində edilən səhvlər arasında əlaqə olduğunu göstərib. “Beyin yanması” yaşayan iştirakçılar bu problemi yaşamayanlarla müqayisədə daha tez-tez səhv etdiklərini bildiriblər. Nəticələrə əsasən, kiçik səhvlərin baş vermə ehtimalı 11 faiz, böyük səhvlərin baş vermə ehtimalı isə 39 faiz daha yüksək olub.

Araşdırma müəllifləri vurğulayıblar ki, bu fenomen ənənəvi “tükənmişlik sendromu”ndan müəyyən mənada fərqlənir. Tükənmişlik adətən uzunmüddətli emosional və psixoloji yorğunluqla əlaqələndirilir. “Beyin yanması” isə daha çox qısa müddətdə yaranan, lakin intensiv koqnitiv gərginliklə xarakterizə olunan bir vəziyyət kimi qiymətləndirilir.

Tədqiqatın nəticələri göstərir ki, iş mühitində süni intellekt alətlərinin istifadəsi genişləndikcə, əməkdaşların zehni yükü və texnologiya ilə işləmə balansı da daha diqqətlə qiymətləndirilməlidir.

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
84
ikisahil.az

1Sources