EN

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir - ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri dünya birliyinə inteqrasiyanı, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməkdir. Bu əməkdaşlığın əsas qayəsini siyasi-iqtisadi, diplomatik, təhlükəsizlik və humanitar sahələr təşkil edir. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, bu baxımdan diqqəti cəlb edir. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndirilməsi hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir. Bir neçə gün əvvəl ölkəmizdə səfərdə olmuş Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Prezident İlham Əliyev arasında keçirilən görüş zamanı səsləndirilən fikirlərdə və mətbuata verdikləri bəyanatda da bütün bunlar bir daha öz əksini tapdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi diqqəti ilk növbədə dövlətimizin başçısının mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlərə cəlb edib. Prezident İlham Əliyev qeyd edib ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. Ölkəmizin bu qurumla çox fəal dialoqu xüsusi qeyd edilməlidir. Avropa Komissiyasının üzvlərinin ötən il və bu il dəfələrlə Azərbaycana səfərləri də bunu təsdiqləyir. Əlaqələrin getdikcə genişlənməsi iqtisadi göstəricilərdə də özünü büruzə verir. Məsələn, bu ilin yanvarında ticari dövriyyənin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Göründüyü kimi, Avropa İttifaqı Azərbaycan üçün bir nömrəli ticari tərəfdaşdır. Hazırda ölkəmiz tərəfindən Avropaya fəal şəkildə sərmayə yatırılır. Təbii ki, yaxın gələcəkdə yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın əsas hissəsi həmişə enerji əməkdaşlığı olub. Bu əməkdaşlıq hazırda da yüksək səviyyədə davam etdirilir. Təsadüfi deyil ki, hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkədir. Bu gün Avropa İttifaqının 10 üzvünün Azərbaycandan qaz alması da bundan xəbər verir. Bu, xüsusən də 2022-ci ildə enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədin Avropa Komissiyası ilə imzalanmasından sonra daha açıq şəkildə müşahidə olunur.

Ç.Qənizadə dövlət başçımızın çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib ki, bu gün Azərbaycan dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. 16 ölkənin bu gün Azərbaycandan qaz alması bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rolu daha da artırır. Enerji sahəsində əməkdaşlıq bərpaolunan enerji sahəsində də davam etdirilir. Hazırda külək, Günəş və su elektrik enerjisinə sərmayələrin yatırılması böyük potensialın olmasından xəbər verir. Hüquq müdafiəçisi Azərbaycan Prezidentinin ölkəmizin artıq sülh şəraitində yaşadığını bildirən fikirlərindən də bə söhbət açıb. Deyib ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Dövlətimizin başçısı Ermənistanla sülhün daimi olacağına əminliyini ifadə edib.

Komitə sədri Avropa İttifaqının da Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirirb: “Qurumun Prezidenti Antonio Koşta dedi ki, Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. O, həmçinin Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaratdığı üçün Azərbaycanın göstərdiyi yardıma görə səmimi minnətdarlığımı bildirdi. Bütün bunlar Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa böyük üstünlük verməsinin təsdiqidir”.

 

Chosen
15
1
azertag.az

2Sources