EN

“Finalissima” təhlükədə: Rok konserti Messinin planlarını poza bilər

Argentina və İspaniya yığmaları arasında keçirilməsi planlaşdırılan “Finalissima” matçının məkanı ətrafında mübahisələr davam edir. Yaxın Şərqdə gərginliyin artması səbəbindən Qətər variantı ləğv edildikdən sonra UEFA oyunun “Santyaqo Bernabeu”da keçirilməsini təklif etsə də, Argentina Futbol Assosiasiyası (AFA) buna qarşı çıxıb.

İdman.Biz xəbər verir ki, AFA prezidenti Klaudio Tapiya qarşılaşmanın “River Pleyt”in ev stadionu olan “Monumental”da baş tutmasını istədiyini açıqlayıb. Lakin bu təklif gözlənilməz maneə ilə qarşılaşıb. Martın 27-nə planlaşdırılan oyunla eyni tarixdə stadionda məşhur “AC/DC” rok qrupunun konserti nəzərdə tutulub. Avstraliya təmsilçisinin martın 27-si və 31-nə təyin olunan çıxışları matçın bu arenada keçirilməsini qeyri-mümkün edir.

Təqvimin sıxlığı səbəbindən oyunun tarixini dəyişmək çətin görünür. Alternativ variant kimi qarşılaşmanın iyunun 1-dən 9-nadək olan FIFA pəncərəsinə keçirilməsi nəzərdən keçirilsə də, bu müddət Dünya Çempionatının başlamasına cəmi iki həftə qalmış vaxta təsadüf edir. Əgər tərəflər ortaq məxrəcə gələ bilməsələr, Lionel Messi ilə Lamin Yamalın çoxdan gözlənilən duelinin – “Finalissima”nın tamamilə ləğv edilməsi ehtimalı var.

İdman.Biz
Chosen
15
1
idman.biz

2Sources