Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Yaxın Şərqdə gərginləşən siyasi və hərbi vəziyyət qlobal iqtisadiyyatla yanaşı, Azərbaycanın daxili bazarına, xüsusilə də kənd təsərrüfatı sektoruna təsirsiz ötüşmür. İran, ABŞ və İsrail arasındakı münasibətlərin kəskinləşməsi fonunda strateji məhsul hesab olunan gübrə idxalında ciddi dəyişikliklər proqnozlaşdırılır.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, İranla Azərbaycan arasında ümumi iqtisadi dövriyyə təxminən 650 milyon dollar civarındadır:“Bu ticarət əlaqələrində Azərbaycanın İrana ixracı cəmi 14-17 milyon dollar təşkil edir, yəni əsas hissə 637 milyon dollardan çoxu İrandan idxal olunan məhsulların payına düşür. Bu idxala müxtəlif məhsullar daxildir. Buna tibbi avadanlıqlar, kənd təsərrüfatı məhsulları, gübrə, metal, kimyəvi və təmizləyici vasitələr və digər mallar. Yəni Azərbaycan İrandan, o cümlədən, gübrə də idxal edir. Digər tərəfdən, ABŞ-İsrail-İran arasında yaranan gərginlik təkcə İranla iqtisadi münasibətlərə təsir göstərmir. Bu vəziyyət Körfəz ölkələri ilə olan iqtisadi əlaqələrə də ciddi təsir edə bilər. Çünki gübrə bazarında əsas paya malik ölkələr məhz Körfəz regionunda yerləşir. Səudiyyə Ərəbistanı, Küveyt və digər Körfəz ölkələri bu sahədə böyük istehsalçılardır. Belə bir münaqişə və regional gərginlik qlobal gübrə bazarına təsir göstərir və nəticədə qiymət artımı gözlənilən haldır”. O bildirib ki, gübrə qiymətlərinin bahalaşması isə birbaşa kənd təsərrüfatına təsir edir:“Onsuz da son dövrlərdə yanacağın qiymətində artım müşahidə olunur və bu da kənd təsərrüfatı məhsullarının istehsal xərclərini artırır. Bu baxımdan, kənd təsərrüfatı məhsullarının bahalaşması üçün artıq bir neçə ciddi amil formalaşıb. ABŞ-İsrail-İran gərginliyi də bu prosesə təsir edən faktorlardan biri hesab edilə bilər. Bu məsələ təkcə İranla bağlı deyil. Əsas gübrə istehsalçıları olan Körfəz ölkələri də bu prosesdən təsirlənə bilər. Həmin ölkələr neft və enerji resursları ilə zəngin dövlətlərdir və gübrə istehsalında mühüm rol oynayırlar. Buna görə də regiondakı münaqişənin gübrə istehsalına və ticarətinə təsir göstərməsi mümkündür və Azərbaycan da bu məhsulların alıcısı kimi bu təsirləri hiss edə bilər”.Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.