EN

Antonio Koştanın Bakı səfəri Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığında yeni mərhələnin göstəricisidir - ŞƏRH

Bakı, 13 mart, AZƏRTAC

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündən sonra yayılan birgə mətbuat bəyanatı Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişafında yeni mərhələnin formalaşdığını göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib. Deputat qeyd edib ki, bəyanatda əksini tapan məsələlər arasında iki mühüm məqam xüsusilə diqqəti cəlb edir.

“İlk növbədə Prezidentlər Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini bir daha vurğulayıblar. Bununla da 2022-ci ilin iyun ayında enerji sahəsində yaradılmış strateji tərəfdaşlığın artıq digər əməkdaşlıq istiqamətlərinə də şamil olunduğu və ikitərəfli münasibətlərin ümumilikdə strateji xarakter daşıdığı ali səviyyədə təsdiqləndiyi ortaya qoyulub. Prezidentlər təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla son dövrlərdə keçirilmiş yüksəksəviyyəli görüşlərin yaratdığı müsbət dinamikanı qeyd edərək siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Digər mühüm məqam birgə bəyanatın 8-ci bəndində əksini tapmış Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycanla bağlı layihələrin dəstəklənməsi ilə bağlı qərardır. Onun sözlərinə görə, Avropa İttifaqı bu təşəbbüs çərçivəsində daşımalar və digər mexanizmlər vasitəsilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə sadiqliyini təsdiqləyib. Bu istiqamətdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin müasirləşdirilməsinə dəstək, eləcə də nəqliyyat və logistika layihələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın və sərmayələrin gücləndirilməsi məqsədilə İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılması tərəflər arasında uzunmüddətli və perspektivli əməkdaşlığın formalaşdığını göstərir”, - deyə Rizvan Nəbiyev vurğulayıb.

Deputat bildirib ki, “Global Gateway” təşəbbüsü Avropa İttifaqının qlobal miqyasda təhlükəsiz və dayanıqlı infrastruktur və nəqliyyat bağlantıları qurmaq məqsədi daşıyan əsas strateji proqramlarından biridir. Onun sözlərinə görə, 2021-ci ildə elan edilmiş bu təşəbbüs çərçivəsində 2027-ci ilə qədər 300 milyard avro investisiyanın səfərbər edilməsi nəzərdə tutulurdu: “Lakin Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen tərəfindən verilən açıqlamalara əsasən, Avropa İttifaqı artıq 2025-ci ilin oktyabr ayına qədər 306 milyard avro investisiyanı səfərbər etməyə nail olub və strategiyanın daha da genişləndirilməsi planlaşdırılır. Bu təşəbbüs təkcə inkişaf proqramı deyil, həm də Avropa İttifaqının geoiqtisadi strategiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Strategiyanın əsas mahiyyəti xarici investisiyaları, inkişaf əməkdaşlığını və iqtisadi diplomatiyanı vahid strateji çərçivədə birləşdirməkdən ibarətdir. 2025-ci ilin aprel ayında Səmərqənd şəhərində keçirilmiş ilk Avropa İttifaqı–Mərkəzi Asiya sammitində region ölkələrinin də “Qlobal Qapı” təşəbbüsünə daxil edilməsi və bu çərçivədə 12 milyard avro həcmində investisiya paketinin elan olunması Avropa İttifaqının regiona artan marağını göstərir. Bu sərmayə paketi nəqliyyat əlaqələrinin inkişafı, kritik xammallar sahəsində əməkdaşlıq, rəqəmsal şəbəkələrin genişləndirilməsi, eləcə də su, enerji və iqlim siyasəti sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur”.

Rizvan Nəbiyev əlavə edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafını şərtləndirən mühüm amillərdən biri də yüksək səviyyəli siyasi dialoqdur. Bu baxımdan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlər xüsusi əhəmiyyət daşıyır.

Chosen
49
1
azertag.az

2Sources