EN

Sabirabadda kriminal aləmi təbliğ edən iki nəfər həbs edildi

BAKI, 13 mart. TELEQRAF

Sabirabad rayonunda kriminal aləmi təbliğ edən iki nəfər məsuliyyətə cəlb edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1994-cü il təvəllüdlü Nicat Əhmədovun (adlar şərtidir – red.) İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə ittiham elan edilib.

Əhmədov ifadəsində bildirib ki, Sabirabad rayonunun Surra kəndində yaşadığı evin qarşısında küçədə dayanarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, “Tik Tok” sosial şəbəkə hesabında kriminal aləmlə bağlı videolar paylaşdığını, kriminal aləmi təbliğ etdiyini bildiriblər, profilaktik söhbət aparılması üçün onu polis şöbəsinə dəvət ediblər:

“Həmin vaxt paylaşımı əslində özümün etmədiyimi, həmin paylaşımın illər əvvəl həmkəndlim tərəfindən edildiyini bildirdim. Polis əməkdaşları ilə getməkdən imtina etdim. Bu xüsusda aramızda sözlü mübahisə baş verdi. Daha sonra polis əməkdaşları ilə birgə şöbəyə gəldim”.

O, ifadəsinin sonunda polis əməkdaşlarına tabesizlikdə özünü təqsirli bilməyib: “Lakin mübahisəyə görəəməlimdən peşmanam. İlk dəfədir ki, inzibati xəta törətmişəm. Himayəmdə iki azyaşlı övladım var”.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Əhmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Bundan başqa, Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Vüsal Nəcəfov da inzibati məsuliyyətə cəlb edilib.

Məlum olub ki, o, rayonun Rüstəmli kəndində ucadan nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə tabe olmayıb. Onun barəsində də İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Nəcəfov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, kəndində olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb, özlərini təqdim edib, “Tik Tok” sosial şəbəkə hesabında kriminal aləmlə bağlı videolar paylaşdığını, kriminal aləmi təbliğ etdiyini bildirib və profilaktik söhbət aparılması üçün polis şöbəsinə dəvət ediblər: “Həmin vaxt paylaşımın illər öncəyə aid olduğunu bildirdim və bir qədər mübahisə etdim. Daha sonra polislərlə birgə şöbəyə gəldim”.

Məhkəmənin qərarı ilə Nəcəfov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə təqsirli bilinib və 5 gün müddətinə inzibati qaydada həbs edilib.

Chosen
3
3
teleqraf.com

4Sources