Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14,1 milyard dollar və ya 20 faiz artaraq 85 milyard dolları keçib. Hazırda bu rəqəm 91 milyard dollardır. Bu, ÜDM-dən 12 faiz çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu 18 dəfəyədək üstələyir.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir, həmçinin bildirib ki, 2025-ci ildə inflyasiya hədəf diapazonunda olub. Belə ki, illik inflyasiya 5,2 faiz, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib.
Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39,2 milyard manat, xərcləri isə 38,6 milyard manat icra olunub.