"Azərbaycan güclü dövlətdir və bu gücünü iqtisadi göstəriciləri ilə də sübut edir. Ümumi daxili məhsul ildən-ilə artır. Bir çox ölkələr belə göstəricilərə malik olmağı arzulayır. Xaricə ixracda qeyri-neft sektorunun payı ildən-ilə artır. Eyni zamanda büdcəyə daxilolmalarda da qeyri-neft sektorunun payının artması müşahidə olunur. Bu, iqtisadiyyatın şaxələndirilməsi baxımından mühüm göstəricidir".
Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə səsləndirdi.
O əlavə etdi ki, Azərbaycanın milli valyutası, manat sabitliyini qoruyur və bu da iqtisadi sabitliyin göstəricilərindən biridir:
"Hər il həm pensiyaların, həm də əməkhaqlarının artımı təmin olunur. Bütün bunlar ölkənin sosial-iqtisadi inkişafının davamlı xarakter daşıdığını göstərir. Ölkəmizin qarşısında duran əsas məsələlərdən biri suverenliyin və təhlükəsizliyin təmin olunmasıdır. Azərbaycan həm şimaldan, həm də cənubdan gələn təhlükələrin qarşısını layiqincə alır. Bir sıra ölkələr İranda fəaliyyət göstərən səfirliklərini bağlayaraq fəaliyyətlərini Bakıya köçürməyi seçib. Müxtəlif ölkələrin vətəndaşları da təhlükəsizliyini təmin etmək üçün Azərbaycana üz tutur və 60-dan çox ölkənin vətəndaşı Azərbaycan vasitəsilə təhlükəsiz şəkildə öz ölkələrinə qayıdır.
Vaxtilə Azərbaycana qarşı əsassız təbliğat aparan bəzi ölkələrin nümayəndələri bu gün bizdən dəstək və kömək istəyirlər. Bu da ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir. Ən vacib məsələlərdən biri isə işğaldan azad olunmuş ərazilərə böyük qayıdış prosesinin başlamasıdır. Qısa müddət ərzində 45 minə yaxın vətəndaş doğma yurduna qayıdıb. Nəzərə alsaq ki, ilkin mərhələdə əsas işlər yenidənqurma və minalardan təmizləmə prosesidir, əldə olunan nəticələr kifayət qədər əhəmiyyətlidir".
Nuriyyə NATİQQIZI