EN

Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır

11 mart bəyanatı tərəflər arasında etimadın və qarşılıqlı inamın növbəti təcəssümüdür

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı (Aİ) ilə iqtisadi və siyasi islahatlara dəstək, Şərq–Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də zəngin enerji resurlarına malik olması ölkəmizin Avropa İttifaqı kimi mötəbər bir qurum üçün cəlbediciliyini xeyli artırıb.

Ötən müddətdə Azərbaycan və Avropa İttifaqı rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar da münasibətlərin inkişafına mühüm töhfələr verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb. Hazırda isə Azərbaycan–Avropa İttifaqı münasibətləri strateji əməkdaşlıq çərçivəsində uğurla inkişaf edir. 2025-ci ilin may və oktyabr aylarında Aİ-nin Tirana və Kopenhagendə keçirilmiş zirvə görüşlərində ölkəmizin uğurla təmsil olunması, xüsusən də dövlətimizin başçısı İlham Əliyevin hər iki toplantı çərçivəsində keçirdiyi konstruktiv görüşlər münasibətlərə yeni dinamizm gətirib.

Ölkəmizə olan inam və etimadın nəticəsidir ki, ötən ilin oktyabrında Kopenhagendə baş tutmuş 7-ci zirvə görüşündə qurumun 12-ci Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Belə bir tədbirin Bakıda keçirilməsi isə, heç şübhəsiz, Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana rəsmi səfəri, ikitərəfli görüşün nəticəsi olaraq birgə mətbuat bəyanatı ilə ölkəmizlə Aİ arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycanla Avropa İttifaqının hazırda müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsində olduğunu vurğulayaraq deyib: “Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən, göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq”.

Prezident Antonio Koşta isə bəyanatında Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edərək ölkəmizin Aİ-nin əsas tərəfdaşı olduğunu vurğulayıb. Ötən bir il ərzində tərəflər arasında münasibətlərin yenidən canlandırıldığını vurğulayan Antonio Koşta budəfəki görüşün təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyin bariz əlaməti kimi dəyərləndirib.

Birgə mətbuat bəyanatının əsas mesajlarından biri Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji təchizatçısı olmasıdır. Xüsusilə Yaxın Şərqdə cərəyan edən proseslər fonunda ölkəmizin Aİ-nin enerji təhlükəsizliyində rolu daha qabarıq nəzərə çarpır. Xatırladaq ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu 2006-cı il noyabrın 7-də Brüssel şəhərində imzalanıb.

Sənəddə əməkdaşlığın prioritet istiqamətlərindən biri də enerji sahəsində milli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Azərbaycan və Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi, eləcə də enerjiyə qənaət və iqlim dəyişikliyi hədəfləri ilə əlaqədar enerji tələbatının müfəssəl idarəçilik siyasətinin hazırlanması ilə bağlıdır.

Mətbuata bəyanatında bu vacib məqama toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Aİ arasında tərəfdaşlığın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq: “Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur. Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır”.

Hazırda Cənub Qaz Dəhlizi Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının genişləndirilməsinə mühüm töhfələr verir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə 2011-ci il yanvarın 13-də Bakı şəhərində imzalanıb. Sənəddə Azərbaycan Cənub Qaz Dəhlizinə əsaslı töhfə verən və onu ərsəyə gətirən ölkə kimi qiymətləndirilir. Sözügedən sənədə əsasən, tərəflər Azərbaycanın “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi, eləcə də digər yataqlardan mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılmasını bölüşülən strateji məqsəd kimi təsbit ediblər.

Ümumi uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi isə 2018-ci il mayın 29-da Bakıda keçirilib. Bununla da ölkəmizin enerji strategiyasında yeni bir mərhələnin əsası qoyulub. 2026-cı il fevralın 1-nə qədər Cənub Qaz Dəhlizi vasitəsilə, ümumilikdə, təxminən 91,4 milyard kubmetr qaz nəql olunub ki, bunun da 55 milyard kubmetrdən çoxu Avropa ölkələrinə çatdırılıb.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 4 il əvvəl Versalda qurumun qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdiyini xatırladaraq ölkəmizin Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadığını vurğulayıb. O deyib ki, İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda Aİ ilə Azərbaycan arasında enerji sahəsində mövcud tərəfdaşlıq heç zaman olmadığı kimi daha əhəmiyyətlidir.

Bəyanatdan o da aydın olur ki, Azərbaycan–Aİ tərəfdaşlığı təkcə təbii qaz tədarükü ilə məhdudlaşmır. Məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji potensialının zənginliyi ilə də seçilir və hazırda ölkədə bu istiqamətdə mühüm layihələr gerçəkləşdirilir. Bu da ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl keçid”in ön sıralarında yer almasına imkan yaradır.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev martın 11-də mətbuata bəyanatında bu mühüm məqama toxunaraq qeyd edib ki, Azərbaycanla Aİ arasında enerji sahəsində əməkdaşlığın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Dövlətimizin başçısı deyib: “Biz külək, günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”.

Aİ Şurasının Prezidenti isə bəyanatında Avropa İttifaqının Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır olduğunu bildirib. O, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini Azərbaycanın bu sahədəki geniş planında daha fəal iştirak etməyə səsləyib.

Birgə bəyanatda Azərbaycanın regional bağlantılarda və nəqliyyat dəhlizlərində aparıcı rolu da rəsmi şəkildə tanınır. Sənədin 8-ci bəndində Azərbaycan və Aİ prezidentlərinin ölkəmizin regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolunun vurğulandığı qeyd olunur. Bildirilir ki, bu sahədə əməkdaşlıq perspektivlərinin genişlənməsi (Orta Dəhliz, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernizasiyası, TRIPP layihəsi və s.) həm Azərbaycanla Aİ arasında praktik əməkdaşlığın dərinləşməsi, həm də regional inteqrasiya üçün zəmin yaradır.

Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatında daşımaların tərəflər arasında mövcud əməkdaşlığın başqa bir mühüm sahəsi kimi dəyərləndirərək deyib: “Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın birgə mətbuat bəyanatı həm ikitərəfli, həm də regional əhəmiyyət daşımaqla yanaşı, ölkəmizlə Aİ arasında strateji tərəfdaşlığın əhəmiyyətini yüksək səviyyədə vurğulayır. Sənəd mövcud əməkdaşlığın gücləndirilməsi və daha geniş spektrdə, mühüm əhəmiyyət daşıyan digər sahələr üzrə inkişaf etdirilməsi üçün zəmin yaradır.

Mirbağır YAQUBZADƏ
XQ

Chosen
20
xalqqazeti.az

1Sources