EN

Azərbaycanda fermerlər üçün SEVİNDİRİCİ XƏBƏR

Aqrar Sığorta Fondu kənd təsərrüfatı sığortasının əhatə dairəsini genişləndirmək və fermerlər üçün yeni təminat paketləri hazırlamaq istiqamətində işləri davam etdirir.

Far.Az-in məlumatına görə, fondun gələcək planları əsasən sığortalanan məhsulların sayının artırılması, kompensasiyaların daha operativ verilməsi və fermerlərin sığorta sisteminə çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Aqrar sığorta sistemi 2020-ci ildən fəaliyyət göstərir və bu müddətdə sığorta olunan bitki növlərinin sayı tədricən artırılıb.

Aqrar Sığorta Fondundan Far.Az-ə bildirilib ki, ilkin mərhələdə 14 bitki növü sığortalanırdısa, hazırda bu göstərici 41 bitki növünə çatdırılıb:

"Fondun üzərində çalışdığı yeni layihəyə əsasən isə yaxın vaxtlarda sığortalanan bitkilərin sayının 59-a çatdırılması planlaşdırılır.

Bu artım əsasən fermerlərdən daxil olan müraciətlər əsasında həyata keçirilir. Fermerlər sığorta paketlərində olmayan məhsulların da siyahıya əlavə olunmasını təklif edirlər. Yeni layihə çərçivəsində tərəvəzçilik və meyvəçilik sahələrində bir sıra məhsulların – xiyar, badımcan, bibər, eləcə də püstə, innab, feyxoa kimi bitkilərin də sığorta sisteminə daxil edilməsi nəzərdə tutulur.

Kənd təsərrüfatında ən ciddi risklərdən biri də quraqlıqdır. Xüsusilə dəmyə əkinçilikdə bu risk fermerlərin gəlirlərinə ciddi təsir göstərir. Hazırda bu riskin də sığorta təminatına daxil edilməsi üçün layihə hazırlanır və beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində araşdırmalar aparılır.

Yaxın dövrdə həm sığortalanan bitkilərin sayının artırılması, həm də yeni təminat paketlərinin tətbiqi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, həm heyvandarlıq, həm də bitkiçilik məhsulları üzrə sığorta təminatı müxtəlif təsərrüfat kateqoriyalarını əhatə edir.

Heyvandarlıq üzrə sığorta olunanlar:

– 11-ci gündən 7 yaşa qədər südlük istiqamətli mal-qara (inek və camışlar);

– 11-ci gündən 3 yaşa qədər ətlik istiqamətli mal-qara (danalar);

– 11-ci gündən 5 yaşa qədər xırdabuynuzlu heyvanlar (qoyun və keçilər).

Bitkiçilik üzrə sığorta olunan məhsullar:

– Taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən;

– Lifli bitkilərdə – lif;

– Kök və dib məhsulu verən bitkilərdə – kök və dib hissəsi;

– Yarpaq məhsulu verən bitkilərdə – yarpaq;

– Meyvəsi yeyilən bitkilərdə – meyvə;

– Yem bitkilərində – bütün yaşıl hissə.

Orxan Hüseyn

Chosen
1
1
far.az

2Sources