EN

Rənglənmiş qidalar, solan gələcək

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Son illər qida təhlükəsizliyi məsələsi dünyada olduğu kimi Azərbaycanda da ciddi müzakirə mövzusuna çevrilib. İnsanlar artıq təkcə məhsulun qiymətinə və görünüşünə deyil, onun sağlamlığa nə qədər təhlükəsiz olduğuna da diqqət yetirməyə başlayıblar. Lakin bəzən gözə xoş görünən məhsulların arxasında sağlamlıq üçün təhlükəli reallıq gizlənir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son açıqlaması bu narahatlıqları bir daha gündəmə gətirdi. Məlum oldu ki, İrandan ölkəmizə idxal edilən portağal məhsulunda istifadəsinə icazə verilməyən rəngləyici maddə “Sitrus qırmızısı-2” aşkarlanıb. Bu maddə bir çox ölkələrdə qida məhsullarında istifadəsi qadağan edilən kimyəvi boyalardan biridir.

Əslində bu cür hallar təkcə bir partiya məhsulun geri qaytarılması və ya idxalın dayandırılması ilə bitən məsələ deyil. Problem daha dərindir. Çünki rənglənmiş qidalar sadəcə meyvənin görünüşünü dəyişmir, insan sağlamlığına uzunmüddətli təsir göstərə biləcək təhlükələr yaradır.

Təbii halda portağalın rəngi bəzən açıq, bəzən solğun ola bilər. Bu, məhsulun keyfiyyətsiz olması demək deyil. Amma bazarda daha cəlbedici görünməsi üçün bəzi istehsalçılar meyvələri kimyəvi boyalarla rəngləyirlər. Nəticədə alıcı parlaq, gözoxşayan məhsul aldığını düşünür, lakin əslində sağlamlığı üçün risk daşıyan bir qida ilə qarşılaşır.

Ən narahatedici məqam odur ki, bu cür maddələrin uzun müddət qəbul edilməsi insan orqanizmi üçün ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə, uşaqların sağlamlığı üçün belə kimyəvi maddələr daha böyük risk yaradır. Yəni məsələ təkcə bugünkü bazar qaydalarından deyil, gələcək nəsillərin sağlamlığından gedir.

Bu səbəbdən qida təhlükəsizliyi məsələsinə yalnız dövlət qurumlarının nəzarəti kimi baxmaq düzgün olmaz. İstehsalçılar, idxalçılar və satıcılar da məsuliyyətlərini anlamalıdırlar. Qısa müddətli qazanc naminə insanların sağlamlığını riskə atmaq nə etikdir, nə də qəbul edilə bilən bir yanaşma.

Digər tərəfdən, istehlakçılar da daha diqqətli olmalıdır. Həddindən artıq parlaq, qeyri-təbii görünən meyvə və tərəvəzlər bəzən məhz bu cür müdaxilələrin nəticəsi olur. Təbii məhsul hər zaman ideal görünməyə bilər, amma sağlamlıq üçün daha təhlükəsizdir. Çünki rənglənmiş qidalar sadəcə meyvələrin rəngini dəyişmir. Onlar bəzən gələcəyin rəngini də solğunlaşdırır.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
bizimyol.info

1Sources