Bakı, 13 mart, AZƏRTAC
Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclasda komissiyaya daxil olmuş 33 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Bu barədə AZƏRTAC-a İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Məlumata görə, bunlardan 10-u radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 6-sı GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) məlumatlarının ötürülməsi, 3-ü simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (5 QHs), 1-i mobil rabitə üçün (Radiorele xətləri) radiotezliklərin ayrılması və 3-ü yenidən rəsmiləşdirmə ilə bağlı olub. Komissiya üzvləri radiotezliklərin ayrılması ilə əlaqədar 33 müraciətin hamısını müsbət cavablandırıb və müvafiq icazələr verib.
Bundan başqa, Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarları ilə ümumilikdə 54 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb. Onlardan 38-i əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq imtina edən tezlik istifadəçisi ilə bağlı olub. Eyni zamanda 6 radiotezliyin “Telekommunikasiya haqqında” Qanuna uyğun olaraq radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan istifadəçidən geri alınması ilə bağlı qərar qəbul olunub.
Habelə radiotezliklərdən 4-nün “Telekommunikasiya haqqında” Qanuna uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədəki öhdəlikləri yerinə yetirməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən tezlik istifadəçilərindən alınması qərara alınıb.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiqlənmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.
Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclasları ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.
Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, eyni zamanda Dövlət Komissiyası Katibliyinin vəzifələrini yerinə yetirir.