EN

Otorbayev: "Orta Dəhliz malları Çindən Avropaya 12 günə aparacaq"

XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Orta Dəhliz və Avrasiya Bağlantı Qapısı" panelində Qırğızıstanın sabiq baş naziri Comart Otorbayev çıxış edib.

Musavat.com-un məlumatına görə, Otorbayev bildirib ki, Orta Dəhliz son illərdə qlobal ticarət və logistika sistemində getdikcə daha böyük rol oynamağa başlayıb və Asiya ilə Avropa arasında əsas ticarət marşrutlarından birinə çevrilir:

"Bu marşrutun əsas hərəkətverici qüvvəsi Çinlə Avropa arasında sürətlə artan ticarət dövriyyəsidir. Dəmir yolu daşımalarının sürətli və səmərəli olması Orta Dəhlizin cəlbediciliyini daha da artırır. Orta Dəhliz yalnız Çinlə Avropa arasında deyil, eyni zamanda Yaponiya, Cənub-Şərqi Asiya və Hindistanı Avropa bazarları ilə birləşdirən mühüm logistika xətti kimi formalaşır. Geosiyasi dəyişikliklər fonunda alternativ nəqliyyat marşrutlarına ehtiyacın artması da bu dəhlizin əhəmiyyətini xeyli yüksəldib".

Sabiq baş nazir vurğulayıb ki, Azərbaycan bu marşrutda strateji mövqeyə malikdir və Asiya ilə Avropa arasında əlaqələrin təmin edilməsində əsas tranzit mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi son illərdə sürətlə artır:

"Təkcə ötən ilin ilk yarısında daşımaların 93 faiz artması bu layihənin potensialını açıq şəkildə göstərir".

Otorbayev əlavə edib ki, layihənin uğurunda region ölkələrinin koordinasiyalı fəaliyyəti mühüm rol oynayır:

"Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan sərhəd və gömrük prosedurlarını sadələşdirərək logistika proseslərini daha səmərəli edib. Bu istiqamətdə indiyədək təxminən 40 milyard dollar sərmayə qoyulub və investisiyaların davam etdirilməsi planlaşdırılır".

Onun sözlərinə görə, Mərkəzi Asiya və Cənubi Qafqaz artıq qlobal nəqliyyat şəbəkəsində mühüm “quru bağlantı” məkanına çevrilir. Bu baxımdan Orta Dəhlizin inkişafı region üçün prioritet hesab olunur:

"Hazırda inşa olunan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu da bu prosesə əlavə təkan verəcək. Yeni xətt Avropa ilə Çin arasındakı məsafəni 900 kilometr qısaldacaq və yük daşımalarının daha sürətli həyata keçirilməsinə imkan yaradacaq. Nəticədə malların Çinlə Almaniya arasında cəmi 12 günə çatdırılması mümkün olacaq ki, bu da xüsusilə yüksəkkeyfiyyətli məhsullar üçün böyük üstünlük sayılır".

Xalidə Gəray
Musavat.com

Chosen
4
musavat.com

1Sources