EN

Süni intellektlə hazırlanmış paylaşımlara cərimə tətbiqi: risklər azalacaqmı? -Ekspert DANIŞDI

İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 388-3-cü maddəyə görə, foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Bəs bu, süni intellektdən neqativ formada istifadəni azalda biləcəkmi?

Redaktor.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov bildirdi ki, süni intellekt vasitəsilə yaradılan kontentlərin aydın şəkildə nişanlanması tələbi rəqəmsal şəffaflıq və dezinformasiya ilə mübarizə baxımından zəruri addımdır.

Onun sözlərinə görə, nəzərdə tutulan 80-150 manatlıq cərimə məbləği, fərdi istifadəçilər üçün xəbərdarlıq xarakteri daşısa da, genişmiqyaslı rəqəmsal manipulyasiyaların və peşəkar səviyyədə təşkil olunmuş "özbaşnalıqların" qarşısını almaq üçün kifayət qədər çəkindirici görünmür:

"Bu qaydanın tətbiqi sadəcə inzibati cərimə ilə məhdudlaşmamalı, eyni zamanda saxta məzmunları texniki səviyyədə aşkar edə biləcək milli monitorinq mexanizmlərinin qurulması ilə müşayiət olunmalıdır.

İnternetin anonim və sərhədsiz təbiəti fonunda, yalnız yerli qanunvericiliklə tənzimləmə aparmaq rəqəmsal mühitdəki xaosu tam aradan qaldırmayacaq. Nişanlanma qaydası rəsmi media və məsuliyyətli subyektlər üçün bir etik çərçivə çəksə də, gizli niyyətlə yayılan və heç bir markalanması olmayan xarici mənşəli kontentlər hələ də təhlükə olaraq qalır. Buna görə də, bu növ qanunvericilik aktları rəqəmsal savadlılığın artırılması və texnoloji nəzarət alətlərinin inkişafı ilə paralel tətbiq edildikdə real nəticə verə bilər".

Aytəkin TOFİQQIZI

Chosen
72
redaktor.az

1Sources