EN

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) vətəndaşların foto və videolarını təhqiramiz formada montaj edərək sosial şəbəkələrdə paylaşan və onların silinməsi müqabilində pul tələb edən daha bir nəfəri saxlayıb.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər nəticəsində qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 21 yaşlı Mirhüseyn Atakişiyev saxlanılıb.

Müəyyən olunub ki, M. Atakişiyev “TikTok”, “Instagram” və “Telegram” sosial şəbəkələrindən qadınların foto və video görüntülərini əldə edib. Daha sonra həmin görüntüləri süni intellekt proqramları vasitəsilə montaj edib, üzərinə təhqiramiz yazılar əlavə edərək saxta hesablar vasitəsilə yenidən sosial şəbəkələrdə paylaşıb. O, foto və video görüntülərin daha geniş yayılmaması, həmçinin silinməsi müqabilində zərərçəkən qadınlardan müxtəlif məbləğlərdə pul tələb edib.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. M. Atakişiyevə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Bir daha bildiririk ki, süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə sosial şəbəkələrdə paylaşdığınız hər bir foto və video müxtəlif şəxslər tərəfindən dəyişdirilə, montaj edilə və sui-istifadə oluna bilər. Bu səbəbdən vətəndaşlara sosial şəbəkə hesablarında şəxsi foto və videolarını paylaşarkən son dərəcə diqqətli olmağı, şəxsi məlumatlarını və görüntülərini tanımadıqları şəxslərlə bölüşməməyi, şübhəli mesaj və təkliflərə inanmamağı tövsiyə edirik. Unutmayın ki, şəxsi məlumatların qorunması ilk növbədə hər kəsin öz məsuliyyətidir”, - deyə məlumatda qeyd olunub.

Chosen
30
49
yeniazerbaycan.com

10Sources