EN

Rəqəmsal transformasiya dövlət-vətəndaş münasibətlərini necə dəyişir?

Bakı, 13 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Rəqəmsal dövrdə dövlət idarəçiliyində yeni idarəetmə tendensiyaları” mövzusunda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov ilə görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, tədbirin moderatoru, DİA-nın rektorunun İctimai əlaqələr üzrə müşaviri Zaur Məmmədov bu cür görüşlərin tələbələrin dövlət idarəçiliyi sahəsində bilik və dünyagörüşlərinin genişlənməsində mühüm rol oynadığını qeyd edib. O, xüsusilə rəqəmsallaşmanın müasir idarəetmə proseslərində artan əhəmiyyətindən danışıb.

DİA – nın Elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Elvin Əzizbəyov çıxış edərək rəqəmsal dövrdə dövlət idarəçiliyində baş verən transformasiya proseslərindən və yeni idarəetmə tendensiyalarından danışıb. O qeyd edib ki, müasir dünyada texnologiyanın sürətli inkişafı dövlət idarəçiliyi sistemlərinin də yenilənməsini zəruri edir. Prorektor vurğulayıb ki, rəqəmsallaşma təkcə texnoloji yenilik deyil, eyni zamanda idarəetmə fəlsəfəsinin dəyişməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflığın, operativliyin və vətəndaş məmnuniyyətinin artırılması deməkdir.

Elvin Əzizbəyov bildirib ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır, elektron xidmətlər genişləndirilir və dövlət-vətəndaş münasibətlərində rəqəmsal platformaların rolu getdikcə artır. Onun sözlərinə görə, rəqəmsal transformasiya dövlət qurumlarının fəaliyyətində məlumatların effektiv idarə olunmasına, qərarların daha operativ və əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan yaradır.

Tədbirin qonağı RİNN-nin aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov çıxışında rəqəmsal transformasiya, dövlət idarəçiliyində innovativ yanaşmalar və müasir idarəetmə modelləri haqqında ətraflı məlumat verib. O, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron hökumət sistemlərinin inkişafı və texnologiyaların idarəetmədə səmərəliliyin artırılmasındakı rolundan bəhs edib. Həmçinin rəqəmsal dövrdə çevik qərar qəbuletmə mexanizmlərinin, məlumat əsaslı idarəetmə prinsiplərinin və texnoloji yeniliklərin dövlət idarəçiliyində yeni tendensiyalar formalaşdırdığını vurğulayıb.

Bəxtiyar Məmmədov öz fəaliyyət təcrübəsindən nümunələr gətirərək gənclərin rəqəmsal bacarıqlara yiyələnməsinin, innovativ düşüncə tərzinə sahib olmasının və dövlət idarəçiliyi sahəsində müasir çağırışlara hazır olmasının vacibliyini qeyd edib.

Görüş çərçivəsində İnzibati idarəetmə fakültəsinin dekanı Elnur Əliyev çıxış edərək bildirib ki, müasir dövrdə dövlət idarəçiliyinin inkişafı texnologiya və innovasiyaların tətbiqi ilə sıx bağlıdır. O qeyd edib ki, Dövlət İdarəçilik Akademiyasında da tələbələrin rəqəmsal bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif təşəbbüslər həyata keçirilir.

Tədbirin sonunda görüşün təşəbbüskarları “Müasir İdarəçilər” klubunun üzvləri ilə qonaq arasında sual-cavab sessiyası keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Chosen
24
azertag.az

1Sources