EN

Paketlənmiş çörəklərdə qatqı maddələri sağlamlığa təhlükə yaradır? Mütəxəssis AÇIQLADI

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paketlənmiş çörəklər bu gün bir çox insanın gündəlik qida rasionunda yer alan məhsullardandır. Onlar xüsusi qablaşdırmada satıldığı üçün daha rahat daşınır və müəyyən müddət ərzində öz təravətini saxlaya bilir. Bu səbəbdən supermarketlərdə və mağazalarda paketlənmiş çörəklər digərlərinə nisbətdə daha çox satılır. Bu tip çörəklərin hazırlanması zamanı müxtəlif texnologiyalardan istifadə olunur. Məhsulun daha uzun müddət yumşaq qalması, tez kiflənməməsi və saxlanma müddətinin bir qədər uzun olması üçün bəzi qida əlavələri tətbiq olunur.

Paketlənmiş çörəklər haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi insanlar bu məhsulları rahatlığına görə seçir, bəziləri isə daha təzə və ənənəvi üsulla hazırlanmış çörəklərə üstünlük verir. 

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov Avtosfer.az-a açıqlamasında bildirib ki, paketlənmiş çörəklərə uzun müddət saxlanması üçün müəyyən qəbul olunmuş normativ çərçivəsində qatqı maddələri əlavə olunur:

“Gündəlik olaraq istifadə olunan məhsullardan biri də çörəkdir. Çörək məhsulu karbohidratla zəngindir. İstifadəsi tamamilə dayandırılmamalıdır. Lakin gün ərzində müəyyən rasionla istifadə olunmalıdır. Təqribən 3–4 dilimə qədər maksimum istifadə oluna bilər. Çörək alarkən onun isti halda istehlakı deyil, bir qədər soyumuş halda istehlakı nəzərdə tutulmalıdır. Çünki isti halda çörək dad göstəriciləri baxımından daha çox xoşa gəlir və daha çox istehlak olunur. Bu da orqanizmin həddindən artıq karbohidrat qəbul etməsinə gətirib çıxarır. Paketlənmiş çörəklərə uzun müddət saxlanması üçün qatqı maddələri əlavə olunur. Bu qatqı maddələrinin əlavə edilməsinin məqsədi çörəyə parlaqlıq vermək, paketdə daha uzun müddət qalmasını təmin etməkdir. Hətta burger tipli çörəklər də istehsal olunur. Bu məhsullar ölkəmizə də idxal olunur, qonşu və digər xarici ölkələrdən gətirilir və bəzi çörəklərin saxlama müddəti 100 günə qədər olur. Daha çox saxlama müddətinə malik və eyni zamanda müəyyən qatqı maddələri sayəsində gec xarab olan digər çörək növləri də mövcuddur. Bu vurulan maddələrlə bağlı olaraq çörəyin üzərində 523 saylı “Qida təhlükəsizliyi haqqında” Qanunun 17.2-ci maddəsinə uyğun olaraq onun tərkibi haqqında məlumatları əldə etmək mümkündür. Bu məlumatlar məhsulun tərkibi barədə istehlakçıya məlumat verir. Təhlükəsizlik baxımından çörək saxlanma zamanı birbaşa əllə təmasda olmamalıdır, açıq hissəsinə əllə toxunulmamalıdır. Bu, sanitariya-gigiyena qaydalarının pozulması deməkdir. Gün ərzində strateji məhsul sayılan zavod çörəkləri əsasən 2 və ya 3 dəfə hazırlanaraq, bişirilərək təyin olunmuş müəssisələr tərəfindən market şəbəkələrinə çatdırılır. Həmin saatlarda təzə şəkildə çörək alınmalı və mümkün qədər uzun müddət saxlanılan deyil, qısa müddətdə hazırlanıb qısa müddətdə istifadə olunan çörəklərdən istifadə etmək daha məqsədəuyğundur. Zavod çörəklərinin otaq temperaturunda, bağlı qabda saxlanma müddəti təqribən 48 saata qədərdir. Amma gündəlik çörək istehlakında səhər saatlarında alınıb axşam saatlarına qədər istifadə olunması və ya axşam alınıb səhər istifadə olunması daha məqsədəuyğundur”.

Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
avtosfer.az

1Sources