EN

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Şərqlilər kənd təsərrüfatı istehsalında böyük nailiyyətlərə imza atmışdılar. Axı onlar ilk dəfə olaraq qida təminatında təbii məhsulu yığmaqdan və ovlamaqdan, bitkiləri becərməklə və heyvanları əhliləşdirməklə daha təminatlı ərzaq istehsalı sisteminə keçmişdilər, suvarma yolu ilə quraqlıq ərazilərdə onlar nisbətən bol məhsul yetişdirməyə nail olmuşdular. Əgər şərqlilərin bu icadları olmasaydı, avropalılar uzun müddət belə axtarışlar labirintindən çıxmağı bacarmayacaqdılar.

Herodota görə, Nilin hədiyyəsi hesab edilən Misir, bu çaydan həm suvarma, həm də əkin torpaqlarının münbitləşməsi üçün istifadə edirdi. Axı Nilin suyu əhalinin ilk çörəyi olan xurmanın məhsul verməsində də böyük rol oynamışdı. Bir məsələni qeyd etsək, kənd təsərrüfatı istehsalındakı irəliləyişlər həm də digər sahələrdəki inkişafa, tərəqqiyə yol açmışdı. Əgər kəndlilərin yaratdığı ərzaq təminatı olmasaydı, onların özləri piramida tikintisi kimi ağır bir işdə ilin müəyyən hissəsini necə işləyə bilərdilər? Faraonların o dünyada həyatlarını davam etdirmək üçün belə nəhəng tikililər inşa edilirdi və ona gərgin əmək sərf edilirdi.

Şərqlilər həyati tələbata görə yazını icad etmişdilər, onlar məhsulun istehsalı uçotunu bu yolla aparırdılar. Ona görə də ilkin yazılarda hansısa monarxın, alimin, filosofun, yazıçının adı deyil, mühasibin imzası həkk olunmuşdur. Avropalılar ağır və çox yer tutan Roma rəqəmlərindən istifadə edəndə, ərəblər hindlilərdən sıfır rəqəmi də daxil olmaqla, onluq ədəd sistemini götürüb tətbiq etdilər. Avropada bu sistem ərəb rəqəmləri kimi tanındı. Əslində isə onun müəllifi hindlilər idi. Ona görə də avropalılar tezliklə Roma rəqəmlərindən imtina edib, daha mükəmməl ərəb rəqəmlərinə keçdilər.

Ərəblər digər nailiyyətləri də əxz edib, onu təkmilləşdirməklə, özününkünə çevirməkdə müasir yaponlara bənzəyirdilər. İngilis tarixçilərinə görə, ərəb nağıllarının, miflərinin, əfsanələrinin çoxunun mənşəyi hindlilərə gedib çıxır. "Min bir gecə" nağıllarının çoxu hind mövzularına əsaslanır. Doğrudan da, qədim hindlilər ədəbi yaradıcılıqda özlərinə rəqib tanımırdılar. "Ramayana" və "Mahabharata" eposları poeziya inciləri sayılmaqla yanaşı, həm də böyük həcmlərə malik idilər. Çarın şərəfinə yazılmış "Ramayana"nın 24 min beytdən ibarət olduğu  güman edilir. Bəşəriyyət, təkcə şahmat oyununa görə hindlilərə minnətdar olmalıdır, çünki beyinin inkişafına şahmat olduqca güclü təsir göstərir.

Bütün yeni yaranan sivilizasiyalar üçün Şərq aləmi böyük mənbə və örnək rolunu oynamışdır. Əslində Şərqin elmi nailiyyətlərin xəzinəsi adlandırmaq olar. Onun təsiri ilə Orta əsrlərdə elmi inkişaf daha sürətlə davam etdirilmişdi. Riyaziyyatda Əl-Xarəzmi, tibb elmində və praktikasında İbn Sina, ədəbiyyatda Firdovsi, Sədi, Nizami, Ömər Xəyyam kimi dühalar bəxş edən Şərqin, öz dahi yetirmələri ilə fəxr etmək haqqı vardır. Əl-Xarəzmi cəbr elmini yaratmış və onun adından götürülmüş "alqoritm" termini indiyədək hadisələri izah etmək vasitəsinə çevrilmişdir.

Şərqlilər şəhər salmaqda, arxitekturada da öz nailiyyətləri ilə seçilmişlər. İlk şəhərlər Şumerdə salınmışdı. II Nabuhodonosorun yenidən qurduğu və abadlaşdırdığı Babil dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdi. Orta əsrlərdə də Şərq ənənələri geniş yayılmış, yeni yaradılan Bağdad, Qahirə, Səmərqənd şəhərləri öz arxitektura inciləri ilə şöhrət qazanmışdılar. Ərəblər VIII əsrdə işğal etdikləri İspaniyada da əl-Əndəlüs sivilizasiyasını yaratmaqla yanaşı, şəhər tikintisinə də böyük diqqət vermişdilər. Kordoba şəhəri sarayları, həcminə görə Aya-Sofiya ilə müqayisə edilə bilən Meskida adlanan böyük məscidi, Avropa arxitekturasını xeyli zənginləşdirmişdi.

İslam xilafəti öz imperiyasının başlanğıcından, müsəlman ərəblər işğal etdikləri ərazilərin mədəniyyətlərini götürməyə, özününkünə absorbsiya etməyə hazır olduqlarını nümayiş etdirirdilər. Ərəblər həqiqətən də Roma imperiyasından qalan yunan-Roma mədəniyyətinin şərikləri, varisləri idi. Onlar buna hazır olduqda, Persiya və Bizans mədəniyyətlərini də assimilyasiya etdilər. VIII və IX əsrlərdə çox sayda yunan, Suriya və Persiya elmi və fəlsəfi əsərləri ərəb dilinə tərcümə edildi. Aralıq dənizinin cənubunda və Yaxın Şərqdə müsəlmanlar üçün tələb olunan baş dil rolunu ərəb dili oynamaqla, bu vaxt həqiqətən beynəlxalq bir dilə çevrilmişdi.

Qərbi Avropa əsasən fermer yaşayış məntəqələrindən ibarət bir kənd dünyası kimi mövcud olduqda, müsəlmanlar parlaq şəhər mədəniyyəti yaratdılar. Bunu yeni şəhərlər olan Bağdadda, Qahirədə, həmçinin İspaniyadakı Əməvi xilafətinin paytaxtı olan Kordobada görmək mümkündür. Güman ki, 100 min əhalisi olan Kordoba Konstantinopoldan sonra Avropanın ən böyük şəhəri idi. Şəhərin 70 ictimai kitabxanası var idi və Xəlifənin özəl kitabxanasında olan əlyazmaların sayı 400 minə çatırdı. Al-Hakim adlı xəlifə (961-976-cı illər) dünyanın müxtəlif guşələrindən kitablar toplamışdı və sonra onlar ərəb və latın dillərinə tərcümə edilmişdi. Bunlara coğrafiyaya dair əsərlər də daxil idi və onlar tacirlər üçün olduqca faydalı xarakter daşıyırdı. Həmçinin məktəblər yaradıldı və Kordobadakı Böyük Məscid, bütün İslam dünyasından gəlmiş alimlərin fəaliyyət mərkəzinə çevrildi. Kordobada bu vaxt çox sayda qadın, müəllimə və kitabxanaçı işləyirdi.

İslam şəhərləri müəyyən arxitektura üslublarından geniş istifadə edirdi. Bunlara alaqapılar (tağlar), forması dəyişilmiş pəncərələr, tikililərin xüsusi növləri daxil idi. Sonralar saraylar və ibadət üçün məscidlər, fəvvarələri və ayrıca həyətləri olan ictimai binalar meydana gəldi. Şəhərləri ictimai hamamlar, bazarlar və mağazalar şəbəkəsi bəzəyirdi. Müsəlmanlar öz tikililərini unikal dekorativ rəsmlərlə bəzəyirdilər. Kordobadan savayı, digər islam şəhərləri də həmçinin çox saydakı kitabxanalara malik idi. Bağdadın 30-dan çox kitabxanası var idi, Qahirədəki kitabxana 1,1 milyon saydakı əlyazmadan ibarət idi.

Ərəb imperiyasının ilk az saydakı yüzilliklər ərzində mövcud olan imperiyası, bu, həm də İslam dünyası demək idi, qədim sivilizasiyaların elmi və fəlsəfi əsərlərini xilas edərək, yaydı. Avropada Orta Əsrlərin ilk yarısında antik yunan filosofları tanış olmayanda, Platonun və Aristotelin mühüm əsərləri ərəb dilinə tərcümə edilmişdi. Onlar Bağdaddakı "Beyt ül-hikmə" - "Müdriklər evi" adlanan mədəni ocağın kitabxanasına qoyulmuşdu, orada onlar oxunur və müsəlman alimləri tərəfindən öyrənilirdi. Kitabxana Hindistandan gətirilmiş matematika mətnlərinə malik idi və kağızdan istifadə hesabına, onların yayılması genişlənmişdi. Kağız istehsalı isə VIII əsrdə Çindən götürülmüşdü və həmin əsrin sonunda Xilafətin vəziri olan  Barmakinin səyi ilə Bağdadda kağız istehsal edən fabriklər yaradılmışdı. Bunun arxasınca kitab satışı və kitabxanalar meydana gəldi. Avropa universitetləri sonralar bu elmi nailiyyətlərdən böyük xeyir götürdülər, bu vaxt həm də həmin əsərlər ərəb dilindən latın dilinə tərcümə edilirdi.

İslam alimlərinin çox saydakı klassik biliklərinin Qərbə ötürmələrinə görə layiqincə təriflənmələrinə baxmayaraq, onlar həm də özlərinin xeyli dərəcədə inkişafına nail olurdular. Onların matematikanı və təbiət elmlərini yaymağa kömək etmələrinin şəhadəti hər yerdə hiss olunurdu. Matematika elmində, astronomiyada onların nailiyyətlərinin siyahısı xüsusilə böyük təsir gücünə malik idi.

Müsəlmanlar rəqəm sistemini Hindistandan götürüb, tətbiq etmişdilər, bu sistemdə sıfırdan da istifadə olunurdu. Avropada isə bu rəqəmlər ərəb sistemi kimi tanınırdı. Əl-Xarəzmi (787- 858-ci illər) IX əsrin dahi Persiya matematiki olmaqla, cəbr elmini yaratmışdı. Müsəlman astronomları Bağdadda əl-Məmunun qurduğu rəsədxanadan ulduzların mövqeyini öyrənirdilər. Onlara Yerin kürə şəklində olması və ulduzların çoxunun adı məlum idi. Onlar həmçinin astrolabı təkmilləşdirdilər, bu alətdən dənizçilər göy cisimlərinin müşahidə etmək yolu ilə naviqasiya üçün istifadə edirdilər. Sonralar astrolab adlanan bu cihaz avropalılara Amerikalara üzmək imkanı yaratdı.

Müsəlman alimləri həmçinin kimya elmində çox sayda yeni kəşflər etdilər və təbiətin tədqiqatını, elmin öyrənməsi sahəsi kimi inkişaf etdirdilər. Bu sahədə əlkimyaçıların böyük əməyini xüsusi ilə qeyd etmək lazımdır. Təbabət elmində və praktikasında daha çox məşhur olan İbn Sina (980-1037-ci illər) idi. O, Qərbdə Avitsenna kimi tanınırdı. O, bəzi xəstəliklərin mənşəyinin təbii tipli olduğunu izah edən ensiklopediya yazmışdı, xəstəliklərin həm də içməli su təchizatı ilə yayıldığını göstərmişdi.

Avropanın mərkəzi dövlətlərinə müsəlmanlar, macarlar və vikinqlər hücum etməklə, onları zəiflədirdilər. Avropa bu müdaxilələrlə mübarizə aparanda Bizans və İslam dünyaları inkişaf etməkdə və çiçəklənməkdə davam edirdi. X əsr Bizans sivilizasiyası üçün də qızıl dövr hesab olunur. Müsəlman ordularını dəf etməklə, Bizans həm də öz ərazisini genişləndirirdi.

Xəlifələrin Əməvi sülaləsi öz İslam imperiyasının paytaxtını ilk olaraq Dəməşqdə qurmuşdu. Yeni Abbasi sülaləsi paytaxtı şərqə, Bağdada köçürdü, orada Persiyanın təsiri daha güclü idi. Yunan və Persiya elmi və fəlsəfi yazıları ərəb dilinə tərcümə edilirdi və müsəlmanlar bu vaxt həm də parlaq şəhər mədəniyyəti yaratmışdılar.

Həm Bizans imperiyasının, həm də İslam dünyasının şəhər mədəniyyətlərinin, Avropanın inkişaf etmiş kənd dünyası ilə kontrası diqqəti cəlb edirdi. 1000-ci ildən kənd dünyası nəinki təkcə canlana bildi, həm də başlanan əvvəlki nəsillər tərəfindən genişlənən dağılma prosesi getdi. Avropa artıq nəhəng sıçrayış etməyə hazırlaşırdı.

Ərəb filosofları içərisində XIII əsrdə yaşayıb, yaratmış İbn Rüşd (1126-1198-ci illər) və mənşəcə yəhudi olan, lakin ərəb dilində yazan Moisey Maymonid (1135-1204-cü illər) daha çox fərqlənirdi. İbn Rüşd Avropada Averroes kimi tanınırdı və Şərq aristotelizminin nümayəndəsi sayılırdı. O, Andalusiyada və Mərakeşdə yaşamış, hakim və saray həkimi kimi fəaliyyət göstərmişdi. "İnkarın inkarı" traktatında Qazalinin hücumlarını rədd etmişdi. O, təhsillə əldə edilən və "rasional" adlandırdığı dinlə, hamıya xas olan "obrazlı - alleqorik dini" fərqləndirirdi.

Onun rasional ideyaları Orta Əsrlər fəlsəfəsinə böyük təsir  göstərdi, Avropada averroizm elmi təlimi geniş yayıldı.

Moisey Maymonid isə Tövratda təsvir edilən hüquqi normalarla dini birləşdirmişdi. Maymonidə görə Bibliyadakı dini təlimlərdə ilahi həqiqət açılırdı. Ona görə də alimlər məhz həqiqət axtarışı ilə məşğul olmalıdır. Onun əsas əsəri "Tərəddüd edənlərin yol göstəricisi" kitabıdır. O, Aristoteli, İudaizm teologiyası ilə barışdırmağa çalışırdı. O, Aristotelin nüfuzunu etiraf etməklə yanaşı, Allahdan göndərilən həqiqətləri daha üstün hesab edirdi.

Ərəblər Orta Əsrlər fəlsəfəsinə və elminə böyük töhfələr vermişdilər, onların xidmətini inkar etmək tarixə hörmətsizlikdən başqa bir şey deyildir.

Şərqdə alimlər, filosoflar çox olmuşdur. Ərəblər qədim yunan fəlsəfəsinə vurulduqlarına görə, faylsaf adlandırdıqları bu elmi öyrənməyə, tədqiq etməyə böyük maraq göstərmişdilər. Onlar antik dünyanın dahi filosofları olan Platonu və Aristoteli çox sevdiklərindən, onları öz dillərinə uyğun qaydada Əflatun və Ərəstun adlandırmışlar. İndi də bu adları daşıyan azərbaycanlılar çoxdur.

(Ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
525.az

1Sources