EN

Macarıstan və Slovakiya sanksiya siyahısından iki rusiyalı milyarderin çıxarılmasını tələb edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması üçün lobbiçilik edir...

Poliqon xəbər verir ki, Macarıstan və Slovakiya Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların növbəti dəfə uzadılması prosesini ləngidir. RFE/RL nəşrinn məlumatına görə, bu ölkələr sanksiya siyahısından iki rusiyalı biznesmenin, Əlişir Usmanov və Mixail Fridmanın çıxarılmasını tələb edir.

Xatırladılır ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları hər il iki dəfə, mart və sentyabr aylarında uzadır. Növbəti qərarın isə martın 15-dək qəbul olunması planlaşdırılır.

Lakin Euractiv nəşrinin yazdığına görə, Slovakiya və Macarıstan bu qərarın qəbulunu gecikdirir. Hər iki ölkə sanksiya siyahısından rusiyalı milyarderlər Əlişir Usmanov və Mixail Fridmanın çıxarılmasında israr edir.

Məlumata əsasən, bu istiqamətdə aparılan lobbiçilik kampaniyası çərçivəsində Slovakiyanın baş naziri Robert Fitso martın əvvəlində Avropa İttifaqı ölkələrinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunu göndərib. Həmin məktub Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən dəstəklənib.

Ərdoğan məktubunda bildirib ki, Türkiyə Avropa İttifaqı və ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yayınmayacaq. Bununla belə, o qeyd edib ki, bu sanksiyalara məruz qalan bəzi şəxslər Türkiyə ilə münasibətlərdə müəyyən çətinliklərlə üzləşə bilərlər.

Türkiyə lideri həmin şəxslər arasında Əlişir Usmanovun adını xüsusi qeyd edib və onu “türk dünyasında humanitar və mədəni əlaqələrin gücləndirilməsinə mühüm töhfə verən filantrop” kimi xarakterizə edib.

Poliqon.info

Chosen
103
poliqon.info

1Sources