EN

“Strateji valyuta ehtiyatlarımız dövlət borcumuzu 17 dəfədən çox üstələyib” Deputatın ÇIXIŞI

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

"Hesabat struktur və məzmun baxımından çoxşaxəli olmaqla mükəmməl hazırlanmış dövlət sənədidir və ölkə başçısının dəqiq müəyyənləşdirdiyi strategiyanı özündə etiva etməklə, hökumətin qarşısına qoyulan vəzifə və tapşırıqların uğurla yerinə yetirildiyini göstərir. Belə ki, möhtərəm cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu siyasət 2025-ci ildə də ölkəmizin hərtərəfli tərəqqisinə və güclənməsinə, onun sosial-iqtisadi sahədə davamlı inkişafının təmin olunmasına, makroiqtisadi sabitliyinin qorunub saxlanılmasına, regional mövqeyinin möhkəmləndirilməsinə və beynəlxalq aləmdə artan rolunun daha da yüksəlməsinə xidmət etmişdir".

"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov hökumətinin parlament qarşısına hesabatının bugünkü müzakirəsi zamanı deyib.

Millət vəkili daha sonra bildirib; "Hesabat ilində dünya neft bazarlarında müşahidə edilən qeyri-müəyyənliklərə və ölkəmizdə neft hasilatının aşağı düşməsinə baxmayaraq, ÜDM real ifadədə 1,4% artaraq 129,1 mlrd.manat və ya 75,9 mlrd.dollar təşkil etmişdir. Strateji valyuta ehtiyatlarımız isə 19,8% artaraq, ÜDM-in həcmini 9,1 mlrd.dollar üstələməklə 85,1 mlrd.dolları ötmüş və 2026-cı ilin əvvəlinə adambaşına 470,0 dollar olmaqla, yaranmış 4,8 mlrd.dollarlıq xarici dövlət borcumuzu 17 dəfədən çox üstələmişdir.

2025-ci ildə ölkədə orta illik inflyasiya 5,6%, işsizlik isə 5,2% olmuşdur.

Bildiyiniz kimi hesabat ilində əhalinin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi sahəsində sosial siyasət tədbirləri davam etdirilmişdir. Belə ki, ötən ilin dövlət büdcəsi xərclərinin 39,5% və ya 15,3 mlrd.manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə sərf edilmişdir. Bu 2024-cü illə müqayisədə 602,0 mln.manat və ya 4,1% çoxdur.

Ümumiyyətlə, son 7 ildə ölkə əhalisinin 40%-ini əhatə edən 8,0 mlrd.manat həcmində 5 sosial islahat paketi icra edilmiş, özünüməşğulluq proqramının icrası davam etdirilmiş, 16 mindən çox şəhid ailəsinə, müharibə əlillərinə, onların ailələrinə dövlət tərəfindən mənzil və avtomobillər verilmiş, tibbi bərpa, reabilitasiya və sair xidmətlər göstərilmişdir.

Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq və yüz minlərlərlə məcburi köçkünün əvvəlki yaşayış yerlərinə qaytarılması, əhalinin təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsi məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilib reallaşdırılması üçün “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı qəbul edilmişdir.

Sözügedən strategiyanın həyata keçirilməsinə dövlət büdcəsindən bügünədək 7 mlrd.manatdan çox, “Böyük Qayıdışa dair I Dövlət Proqram”ının icrasına isə 2026-cı ildə daxil olmaqla 25,5 mlrd.manatdan çox vəsait ayrılmışdır.

Bu gün cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyilə Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işləri davam etdirilir. İndiyə kimi azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı 74750 nəfər təşkil edir. Xərclənən büdcə vəsaitlərinin ölkə iqtisadiyyatı üçün yaradacağı əlavə dəyər isə orta və uzunmüddətli dövrdə gözlənilir.

Hesabatdan görünür ki, 2025-ci ildə də Milli Məclislə Nazirlər Kabineti arasında ənənəvi işgüzar əməkdaşlıq davam etdirilmişdir. Bu xüsusda təmsil etdiyim Laçın rayonu ilə bağlı təklif və tövsiyyələrin icrası barədə Hesabatda ətraflı məlumat verilmişdir. Bununla əlaqədar olaraq ölkə başçısına, cənab Baş nazirə və Kabinetin bütün üzvlərinə seçicilərim adından öz minnətdarlığımı bildirirəm.

Çıxışımın sonunda hesabatı müsbət qiymətləndirir və deputat həmkarlarımı sənədi dəstəkləməyə çağırıram".

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
49
azpolitika.info

1Sources