EN

İranın Strategiyası (2-ci hissə)

Əli Xameneinin ölümü — İranın çöküşüdür, yoxsa səfərbərliyi?

Şübhəsiz ki, ali rəhbərin ölümü sistemi zəiflədir. Lakin İran üçün bu, heç də çöküş demək deyil. İran rejimi ilk baxışda göründüyü qədər şəxsləşdirilmiş deyil. İnstitutlar fəaliyyətini davam etdirir və yeni rəhbər müəyyən olunmuş prosedur üzrə seçilir.

Üstəlik, məlum olduğu kimi, İranın ali ayətullahı Əli Xamenei təhlükə haqqında bilə-bilə öz iqamətgahında qalmaq qərarını şüurlu şəkildə qəbul edib. Bununla o, sarsılmazlıq və qorxmazlıq nümayiş etdirərək düşmənlərlə aparılan müqəddəs müharibə üçün zəruri olan bir növ şəhid obrazına çevrildi. Əli Xamenei çox məlumatlı və rasional bir insan idi. Məncə, ölüm qarşısında göstərilən bu qorxmazlıq aktı — yəni qaçmamaq, özünü qurban vermək — səfərbərlik effektini gücləndirir və rəsmi təbliğatın əsas tezislərini təsdiqləmək məqsədi daşıdı: “Bizi yer üzündən silmək istəyirlər, biz təhlükə altındayıq, lakin onlardan qorxmuruq. Çünki Allah bizimlədir və Onun adı ilə düşmənlərimizi məhv edəcəyik.” Belə şəraitdə istənilən müxalif bəyanatlar asanlıqla düşmənə yardım kimi təqdim oluna bilər.

Bundan əlavə, hakimiyyətdə onun oğlu — ayətullah Möctəba Hüseyn Xamenei qalır və ölkədə daxili gərginliklərin istənilən təzahürünü yatırmağa qadir inkişaf etmiş sərt fundamentalist nəzarət aparatı mövcuddur. Möctəba Xamenei real siyasi gücə malik fiqurdur və bütün siyasi qüvvələr onu qəbul edir. Hətta Naxçıvan aeroportuna edilən son hücumu kəskin tənqid edən Azərbaycan Prezidenti də dövlət informasiya agentliyi “Azərtac”ın məlumatına görə onu İran İslam Respublikasının üçüncü lideri kimi təbrik edənlərdən olub.

Əlbəttə, bu vəziyyətdə uzunmüddətli problemlər aradan qalxmır: iqtisadi çətinliklər, cəmiyyətin yorğunluğu və hakimiyyətdə dini xadimlərin həddindən artıq üstünlüyündən narazılıq qalmaqda davam edir.

Bununla belə, İran hakimiyyətində yalnız sərt fundamentalistlər yox, daha mülayim fiqurlar da mövcuddur. Lakin mən əminəm ki, radikal dönüş gözləmək lazım deyil: yeni lider qətiyyən ABŞ və İsrailin qucağına atılmayacaq.

Bir şey aydındır: xarici hücumlar fonunda islahatçıların mövqeyi zəifləyir, fundamentalistlər isə daha sərt və daha az güzəştə meyilli olurlar. Danışıqlara meyilli siyasətçilər isə — o cümlədən prezident Məsud Pezeşkian da — artıq ölkənin müdafiəsini birinci yerə qoymağa məcbur olurlar.

Xarici təhlükə təbii olaraq İran elitaları və cəmiyyətini birləşdirir — ən azı müharibə dövründə. Buna görə də ABŞ və İsrailin hərəkətləri rejimin birbaşa süqutuna səbəb olacaq əsas amil kimi görünmür. Sisteminin taleyini daha çox İran elitaları daxilində baş verən proseslər müəyyən edəcək.

Bəs yenidən etirazlar başlasa nə olacaq? Onlar vəziyyəti dəyişə bilərmi?

Çox güman ki, bu baş verməyəcək — ən azı yaxın perspektivdə. Müharibə şəraitində fərqli fikirlərə təzyiq daha da güclənir. Hətta paradoksal şəkildə, məhz indi rejim cəmiyyətin səfərbər edilməsi hesabına müvəqqəti olaraq daha da möhkəmlənə bilər. Hakimiyyət isə istənilən etiraz çıxışlarını operativ şəkildə yatırmağa hazırdır.

Bundan əlavə, İran müxalifəti parçalanmış vəziyyətdədir və hələ ki, ölkədəki bütün müxalif qüvvələri birləşdirə biləcək lider yoxdur. Özünü şahın oğlu kimi təqdim edən, əslində isə Allah tərəfindən seçilmiş Sultan Əhməd Şah Qacarın hakimiyyətini qəsb etmiş kazak zabiti Pəhləvinin varisi İranda ciddi fiqur kimi qəbul edilmir. Buna görə də hələlik rejimin süqutundan danışmaq tezdir.

İran nə qədər müddət müqavimət göstərə bilər?

İran ciddi itkilərə hazırdır. İranlılar anlayırlar ki, ölkəyə böyük zərər dəyəcək, siyasətçilər, hərbçilər və alimlər arasında yeni itkilər ola bilər. Lakin əsas məsələ budur ki, İranın bugünkü strategiyası ABŞ, İsrail və onların müttəfiqlərinə maksimum zərər və itki verməyə yönəlib.

Məntiq sadədir: əgər müharibənin qiyməti hamı üçün yüksək olarsa, gələcəkdə belə əməliyyatların təkrarlanması ehtimalı azalacaq.

Siyasi elmin dili ilə desək, bu “Deterrence through regional escalation” — yəni regional eskalasiya yolu ilə çəkindirmə strategiyasıdır. Başqa sözlə: əgər bizi məhv edirlərsə, bütün Yaxın Şərq də yanacaq.

Belə vəziyyətdə mənim üçün aydındır ki, İran qələbə qazanmaq üçün vuruşmur — o, hamının uduzması üçün mübarizə aparır.

Ballistik raketlərdən başqa İranın hansı təzyiq vasitələri var?

İran Hörmüz boğazını bağlamamaq qərarına gəlib, baxmayaraq ki, bu addım dünya iqtisadiyyatı üçün son dərəcə ağrılı ola bilərdi və kifayət qədər gözlənilən görünürdü.

Digər tərəfdən İran rəsmi və qeyri-rəsmi müttəfiqlərinə arxalanır. Məsələn, Yəmən husiləri Qırmızı dənizdə gəmiçiliyi çətinləşdirə və sualtı internet kabellərinə zərər vura bilərlər. Bu isə çox ciddi təzyiq alətidir: ticarətdə fasilələr, neft qiymətlərinin artması və logistikanın destabilizasiyası ABŞ və onun tərəfdaşlarına əlavə təzyiq yarada bilər.

Bundan əlavə, əvvəl qeyd etdiyim kimi, əgər əvvəlcədən hazırlanmış hansısa bəhanə ilə Rusiya və Çin müharibəyə qoşularsa, üstünlük İranın tərəfinə keçə bilər. Bu halda praqmatik Qərb bütün itkiləri hesablayaraq hərbi əməliyyatı dayandıra bilər — necə ki, bu, on iki günlük müharibənin sonunda baş vermişdi.

Əli Xameneinin ölümü ABŞ, İsrail və ya digər müttəfiq ölkələrin şəhərlərində terror aktlarına səbəb ola bilərmi?

Çox güman ki, İran özü birbaşa terror aktları təşkil etməyəcək. İran rəsmi olaraq terror hücumlarından istifadə etmədiyini bildirir və özünü terrorizmə qarşı çıxan dövlət kimi təqdim edir. Bu gün İran üçün əsas məsələ mənəvi üstünlüyü və hücuma məruz qalan şəhid obrazını qorumaqdır.

Lakin İranın “Hizbullah” kimi müttəfiq radikal qrupları var və onlar nəzəri olaraq ABŞ və Avropa ölkələrində terror aktları həyata keçirə bilərlər. Bununla belə, bu kimi hadisələr baş versə belə, çox güman ki, onlar İran hakimiyyəti ilə birbaşa koordinasiya olmadan da baş verə bilər.

Mümkündür ki, ABŞ-ın Pakistandakı konsulluğuna edilən hücum da məhz bu məntiqlə izah olunsun: bu, Əli Xameneinin ölümünə spontan reaksiya olub və mərkəzləşdirilmiş şəkildə planlaşdırılmış əməliyyat deyil kimi qələmə verilə bilər.

Chosen
61
anspress.com

1Sources