EN

Bu ölkədə estetik əməliyyatlar sürətlə artır - PROBLEMDƏN ÇIXIŞ YOLU VARMI?

Çin hakimiyyəti ölkədə sürətlə yayılan estetik əməliyyatlara qarşı nəzarəti gücləndirməyə başlayıb. Qeyri-qanuni estetik prosedurların yaratdığı sağlamlıq problemlərinin artması fonunda Pekin plastik cərrahiyyə sektorunda yoxlamaları sərtləşdirir.

Çin Xalq Respublikasının Dövlət Şurasına bağlı bazar tənzimləmə qurumu ötən ilin may ayından etibarən sosial media platformaları və internet saytlarında yayımlanan estetik əməliyyat reklamlarını xüsusi nəzarətə götürüb. Məqsəd qeyri-qanuni xidmətlərin və yanlış məlumatların yayılmasının qarşısını almaqdır.

Ölkədə geniş istifadə olunan və “RedNote” adı ilə də tanınan “Xiaohongshu” sosial media platforması isə estetik əməliyyatlarla bağlı qaydaları pozan 300 mindən çox hesabın bağlandığını açıqlayıb. Platforma rəhbərliyi, həmçinin saxta estetik və kosmetik məhsulların satışına qarşı mübarizə çərçivəsində səkkiz regionda polis orqanları ilə əməkdaşlıq etdiyini bildirib.

Beynəlxalq mediada yayılan məlumatlara görə, Çində gənclər xüsusilə universitetə qəbul imtahanlarını başa vurduqdan sonra estetik prosedurlara daha çox üz tuturlar. Onlar arasında üz incəltmə əməliyyatları və botoks kimi prosedurlar xüsusilə populyardır.

Çin Mərkəzi Televiziyası (CCTV) iyul ayında yayımladığı açıqlamada tələbələri bu cür müdaxilələrdən uzaq durmağa çağırıb. Bildirilib ki, hətta kiçik estetik müdaxilələr belə müxtəlif tibbi fəsadlara səbəb ola bilər və yetkinlik yaşına çatmamış şəxslərdə psixoloji travma yarada bilər.

Son on ildə Çində sürətlə yayılan estetik əməliyyatlar artıq böyük iqtisadi bazara çevrilib. Hazırda bu sektorun dəyərinin təxminən 42 milyard dollar olduğu bildirilir. Analitiklərin qiymətləndirməsinə görə, bu göstərici ilə Çin ABŞ-dən sonra dünyanın ikinci ən böyük estetik bazarına sahibdir.

Ekspertlər bu tendensiyanı ölkədə formalaşan “görünüş iqtisadiyyatı” ilə əlaqələndirirlər. Çində fəaliyyət göstərən və bir neçə kosmetoloji klinikanı idarə edən “Royal Life Group” şirkətinin həmtəsisçisi Cao Venhun bildirib ki, ölkədəki yüksək rəqabət mühiti insanları daha yaxşı iş və ya münasibət imkanları əldə etmək üçün estetik əməliyyatlara müraciət etməyə sövq edir.

Mütəxəssislərin fikrincə, sosial mediada yayılan paylaşımlar, reklamlar və insanların gələcək görünüşünü simulyasiya edən müxtəlif mobil tətbiqlər də gənclər arasında estetik prosedurlara marağı artırır.

Çin texnologiya şirkəti “Meituan” və beynəlxalq konsaltinq şirkəti “Roland Berger” tərəfindən hazırlanan birgə hesabatda qeyd edilib ki, ötən il Çində estetik prosedur etdirənlərin təxminən 60 faizi 26-35 yaş aralığında olub.

Ölkədə estetik əməliyyatların geniş müzakirə mövzusuna çevrilməsinə səbəb olan şəxslərdən biri də sosial media fenomeni Abby Wu olub. İlk estetik əməliyyatını 14 yaşında etdirdiyini bildirən Wu indiyədək 100-dən çox əməliyyat keçirdiyini açıqlayıb və bu prosedurları dayandırmaq niyyətində olmadığını bildirib.

Şahnigar Əhmədova, “İki sahil”

Chosen
96
ikisahil.az

1Sources