Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana uduzması gələcək qələbələrin başlanğıcıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında bildirib.
ABF rəsmisi oyunçularla qürur duyduqlarını vurğulayıb:
"İdman yalnız qələbələrdən ibarət deyil. Bəzən ən vacib dərslər məhz çətin oyunlardan sonra gəlir.
Oyunçularımızla qürur duyuruq. Məğlubiyyət son deyil, gələcək qələbələrin başlanğıcıdır".
Azərbaycan millisi rəqibinə 40:120 hesabı ilə uduzub. Komandanın heyətində əsasən gənc və yeniyetmə basketbolçular çıxış edirlər.