EN

Göyçay sakinləri narazıdır: Abonentlərin qaz təchizatı xəbərdarlıq olmadan dayandırılır

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Göyçay rayonunda bir qrup sahibkar və sakin qazın paylanması, həmçinin borcun yığımı zamanı qanun pozuntularına məruz qaldıqlarını deyir.

Onların iddialarına görə, qaz təchizatı və ödəniş prosesində heç bir rəsmi prosedurlar gözlənilmir.

Məsələ ilə bağlı Gununsesi.info–ya daxil olan şikayəti təqdim edirik:

“Azərbaycan Respublikasının Konstitusiyasının 14-cü və 71-ci maddələrində aydın şəkildə təsbit olunmuşdur ki, ölkənin təbii sərvətləri xalqa məxsusdur. Ümumxalq səsverməsi ilə qəbul edilmiş Ana Qanuna əsasən yerin təki, enerji resursları və bütün təbii ehtiyatlar dövlət tərəfindən idarə olunaraq xalqın rifahına xidmət etməlidir. Dövlət bu sərvətlərin qorunmasına, ədalətli və şəffaf istifadəsinə təminat verir.

Hüquqi dövlətin təməl prinsiplərindən biri də məhz qanunun aliliyidir. Bu prinsipə görə heç bir vəzifəli şəxs, heç bir idarə və ya qurum qanundan üstün ola bilməz. Təəssüf ki, bəzi hallarda ayrı-ayrı şəxslərin özlərini qanundan üstün tutmağa çalışması cəmiyyətdə haqlı narahatlıq doğurur.

Belə narahatlıq doğuran iddialardan biri də Göyçay rayonunda qaz təchizatı sahəsində fəaliyyət göstərən qurumun rəhbərliyi ilə bağlıdır.

Məlumatlara görə, həmin qurumun rəhbəri Pərviz adlı şəxs qanunla müəyyən edilmiş prosedurlara əməl etmək əvəzinə faktiki olaraq qeyri-rəsmi qaydalar tətbiq edir. İddialara əsasən, bəzi sahibkarlarla qeyri-rəsmi razılaşmalar əsasında istilikxanalara verilən qazın bir hissəsi sayğacdan kənar istifadə olunur və bu proses nəticəsində əldə olunan vəsaitlərin dövlət büdcəsinə deyil, şəxsi maraqlara yönəldilməsi barədə ciddi şübhələr mövcuddur.

Eyni zamanda qeyd olunur ki, bəzi hallarda müəssisənin əməkdaşları xüsusi mülkiyyətçilərin təsərrüfatlarına verilən qazın bir hissəsini sayğac göstəricilərindən kənar saxlayaraq qeyri-qanuni mənimsəməyə şərait yaradırlar. Bu iddialar, əgər təsdiqini taparsa, dövlətə məxsus əmlakın mənimsənilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ağır hüquqi məsuliyyət doğura biləcək hallardır.

Digər ciddi məsələ isə vətəndaş hüquqları ilə bağlıdır. İddialara görə, bəzi abonentlərin qaz təchizatı heç bir rəsmi bildiriş, yazılı xəbərdarlıq və ya məhkəmə qərarı olmadan dayandırılır. Hətta cəmi 40–50 manat borca görə gecə saatlarında abonentlərin qapılarının döyülməsi və qısa müddət ərzində borcun ödənilməsi tələbi ilə təzyiq göstərilməsi kimi hallar barədə məlumatlar səsləndirilir.

Vətəndaşlar rəsmi qaydada bildiriş almadıqlarını bildirdikdə isə onlara qeyri-rəsmi şəkildə “Pərviz bəyin öz qanunları var” kimi ifadələrin deyildiyi iddia olunur. Bu cür yanaşma hüquqi dövlət prinsiplərinə, vətəndaş hüquqlarının qorunmasına və qanunun aliliyinə açıq ziddiyyət təşkil edir.

Məsələ təkcə bir rayonun təsərrüfat idarəçiliyi problemi kimi deyil, həm də dövlət əmlakının qorunması, korrupsiya riskləri və vətəndaş hüquqlarının təmin olunması baxımından ciddi ictimai əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirilməlidir.

Bu səbəbdən mətbuat vasitəsilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edərək qeyd olunan iddiaların hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını xahiş edirik.

Ümid edirik ki, hüquqi dövlət prinsiplərinə uyğun olaraq səsləndirilən faktlara hüquqi qiymət veriləcək, əgər iddialar təsdiqini taparsa, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.

Çünki hüquqi dövlətdə heç kim qanundan üstün deyil, dövlətə məxsus sərvətlər isə heç bir halda kiminsə şəxsi mülkiyyəti kimi istifadə oluna bilməz”.

Pərviz Yəhyalı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
icma.az

1Sources