Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin İrana qarşı hərbi əməliyyata başladığı gündən bəri “illər ərzində” yığılmış kritik silah-sursat ehtiyatlarını istifadə etdiyi iddia olunur.
Britaniyanın “Financial Times” qəzeti yazır ki, ABŞ-nin arsenalının sürətlə tükənməsi “Tomahawk” qanadlı raketlərinin ehtiyatlarını da əhatə edir. Hərbi Dəniz Qüvvələrinin bir neçə il ərzində bunun nəticələrini hiss edəcəyi bildirilib.
Qeyd olunur ki, hərbi xərclərin artması ABŞ administrasiyasına təzyiqi artıracaq, çünki İsraillə birlikdə İrana qarşı hərbi əməliyyat Hörmüz boğazından gəmilərin keçməsi ilə bağlı çətinliklərə və neftin qiymətinin bir barel üçün 100 dollardan yuxarı qalxmasına səbəb olub.
Nəşrin məlumatına görə, Pentaqon yaxın günlərdə Ağ Evə və ABŞ Konqresinə müdafiə ehtiyacları üçün daha 50 milyard dollaradək əlavə vəsaitin ayrılması üçün rəsmi müraciət göndərə bilər.
Bu onu deməyə əsas verir ki, ABŞ və İsrail nə qədər İranı bombalasalar da, öz hədəflərinə nail olub-olmayacaqları isə hələlik sual altındadır. ABŞ-nin İrana qarşı hücumları fiaskoya uğraya bilər? Vaşinqton silahlarını tükətsə də, öz hədəfinə nail ola biləcək?
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ və İsrail İrana qarşı hücum əməliyyatlarını davam etdirsələr də, ölkədəki rejim dəyişikliyinə nail ola bilməyiblər:

“ABŞ Prezidenti Donald Trampın İranla bağlı verdiyi son bəyanatların əvvəlkilərdən yumşaq olması diqqəti cəlb edir. Məsələn, Tramp İrana qarşı müharibənin uzun müddət davam edəcəyi barədə bəyanatlar verirdisə, indi isə İranla bağlı görülən tədbirləri bitirdiyini bildirir.
Belə görünür ki, ABŞ-nin dövlət rəhbəri müharibənin uzanmasından narahatdır. Bu narahatçılığa səbəb həm də silah sahəsində çatışmazlıqlar ola bilər. Amma ABŞ və İsrailin İranla bağlı hədəflərinin tam həyata keçmədiyi göz qabağındadır. Çünki onlar hələ də rejim dəyişikliyinə nail ola bilməyiblər. Bu o demək deyil ki, ABŞ müharibəni rejim dəyişikliyinə qədər davam etdirəcək.
Tramp istənilən vaxt nəticə əldən olunması barədə bəyanat verərək qoşunları geri çəkə bilər. Amma İsrail buna razı olacaqmı? Əsas problem İsraildir. İsrail əlindəki fürsətdən sona qədər yararlanmasa, dayanmaq barədə düşünməyəcək. Ona görə də İrana zərbələrin hələ bundan sonra bir həftə də davam edəcəyini düşünürəm”.
Yunis Abdullayev
“Cebheinfo.az”
Açar sözlər:
ABŞ–İsrail–İran Əlimusa İbrahimov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.