EN

Vladimirovka, Alekseyevka, Timiryazev tarixə qarışır – bəs digər rus adları?

Xəbər verdiyimiz kimi, Milli Məclis yanında fəaliyyət göstərən Azərbaycan Respublikası Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Quba rayonu ərazisində yerləşən üç kəndin adının dəyişdirilməsi məsələsi müzakirə olunub. Müzakirələr zamanı Vladimirovka, Alekseyevka və Timiryazev yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi gündəmə gətirilib. İclasın yekununda Vladimirovka kəndinin Elbir, Alekseyevka kəndinin Çinarlı, Timiryazev yaşayış məntəqəsinin isə Bəhrəli adlandırılması barədə qərar qəbul olunub və məsələ baxılması üçün Milli Məclisin plenar iclasına təqdim edilib. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, ölkədə rus mənşəli ad daşıyan yaşayış məntəqələri bununla məhdudlaşmır. Məsələn, İvanovka, Saratovka və İvanovka kimi kəndlər də hələ də həmin adlarla mövcuddur.

Bu isə sual yaradır: rus mənşəli toponimlərin dəyişdirilməsi prosesi davam edəcəkmi və digər kəndlərin adları da gələcəkdə yenidən nəzərdən keçirilə bilərmi?

Picture

Millət vəkili Elçin Mirzəbəyli mövzu ilə bağlı Musavat.com-a danışıb: "Bu, mənim də hər zaman diqqətimi çəkən məsələlərdən biridir. Şübhəsiz ki, Azərbaycan ərazilərində bizim milli toponimlərimizə uyğun gəlməyən bəzi adlar sonradan verilmiş adlardır və onların bir hissəsi çar Rusiyası dövrünə, daha sonrakı mərhələsi isə Sovet dövrünə təsadüf edir. Yəni həmin adların verilməsi xalqımızın milli iradəsini əks etdirməyib".

Millət vəkili qeyd edib ki, nəticə etibarilə, həm Azərbaycan tarixini, həm milli-mənəvi dəyərlərimizi, həm də dilimizi əks etdirməyən bu cür adların dəyişdirilməsi istiqamətində fəaliyyət davam etdirilməlidir:

"Əslində mən bu prosesə sadəcə adların dəyişdirilməsi kontekstində deyil, onların bərpa olunması kontekstində yanaşıram. Bu, eyni zamanda tarixi ədalətin bərpası kimi də qiymətləndirilməlidir.

Prosesin davamlı olması üçün, şübhəsiz ki, müvafiq qanunvericilik çərçivəsində ardıcıl fəaliyyətin həyata keçirilməsinə ehtiyac var. Çünki düşünürəm ki, həmin adlar Azərbaycan xalqının iradəsinə zidd olaraq bu və ya digər ərazilərə verilib və onlar dilimizin, milli mədəniyyətimizin, etnosumuzun, yəni soy kökümüzün xüsusiyyətlərini ifadə etmir. Buna görə də belə adların dəyişdirilməsi və onların tarixi-milli mahiyyətə uyğun şəkildə bərpa olunması zəruridir".

Xalidə Gəray
Musavat.com

 
Chosen
36
musavat.com

1Sources