EN

Sultan Akimbekov: Azərbaycan və Qazaxıstan Xəzər dənizi üzərindən dəhlizlərin hərəkətverici qüvvəsinə çevrilə bilər

Astana, 14 mart, AZƏRTAC

Qlobal miqyasda dəyişən geosiyasi vəziyyət fonunda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri yeni əməkdaşlıq formatları axtarır və regional əlaqələri gücləndirir.

Asiya Araşdırmalar İnstitutunun (Qazaxıstan) direktoru Sultan Akimbekov AZƏRTAC-a çoxvektorlu siyasətin əhəmiyyəti, Orta Dəhlizin inkişafı və Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlıq perspektivləri barədə danışıb.

- Bakıda keçirilən “C6: Vahid region, ortaq gələcək - strateji dialoqun gücləndirilməsi” beynəlxalq konfransında qeyd etmişdiniz ki, mövcud geosiyasi vəziyyət region ölkələrini yeni həll yolları axtarmağa məcbur edir. Sizin fikrinizcə, bunlardan hansı Mərkəzi Asiya və Cənubi Qafqaz üçün daha realdır?

- Təəssüf ki, dünyada və ətrafımızda regionda münaqişələr əhəmiyyətli dərəcədə artır. Ölkələrimizə ənənəvi olaraq çoxvektorlu siyasət xas olub və bu, həmişə optimal seçim olub. Bu bizə böyük dövlətlərin maraqları arasında uğurla manevr etməyə imkan verir, onların arasında isə həmişə rəqabət münasibətləri olur. Həmin rəqabətin hədəfinə çevrilməmək, həmişə beynəlxalq münasibətlərin iştirakçısı olmaq isə çox vacibdir.

Eyni zamanda, vəziyyət ölkələrimizin statusunun son onilliklərdə əhəmiyyətli dərəcədə artması baxımından dəyişir. Söhbət təkcə iqtisadi imkanlardan deyil, həm də öz gündəmini formalaşdırmaq qabiliyyətindən gedir. Bu mənada Mərkəzi Asiya ölkələri əvvəlcə C5 çərçivəsində, daha sonra isə Azərbaycanla birlikdə C6 daxilində öz gündəmini yaradırlar. Region ölkələrinin konsolidasiya olunmuş gündəliyi olduqda, təbii ki, öz maraqlarını qorumaq daha asandır.

Burada “orta güclər” anlayışını da qeyd etmək lazımdır. Bu, həm də ölkənin onun müvafiq xarici siyasət fəallığı səviyyəsi və mövqeyi haqqındadır. Müxtəlif qarşılıqlı fəaliyyət formatlarını, xüsusən də Türk Dövlətləri Təşkilatını qeyd etmək olar. Ümumilikdə, bu, bütöv bir qarşılıqlı münasibətlər şəbəkəsini yaradır ki, burada regionumuzdan olan iştirakçılar öz mövqelərindən çıxış edirlər və bir-birini dəstəkləyirlər

- Sizin fikrinizcə, Orta Dəhliz alternativ marşrutdan region üçün strateji istiqamətə nə dərəcədə çevrilib?

- Şübhəsiz ki, bu, rhazırda egionumuz üçün strateji cəhətdən vacib istiqamətdir. Orta Dəhliz ciddi strateji inkişaf potensialına malikdir, xüsusən də ona görə ki, yeni nəqliyyat dəhlizlərinin inkişafı Mərkəzi Asiya regionu üçün böyük əhəmiyyət kəsb edir.

- Siz, həmçinin qeyd etmişdiniz ki, Xəzər dənizi vasitəsilə mövcud daşıma həcmləri hələ də kifayət deyil. Bu məhdudiyyətləri aradan qaldırmaq üçün ilk növbədə hansı praktik addımlar atılmalıdır?

- Əsas məsələ region ölkələrində müvafiq infrastrukturun, o cümlədən Xəzər dənizinin dibi boyunca boru kəmərlərinin inkişaf etdirilməsidir. Əgər belə layihələr həyata keçirilərsə, bu, Türkmənistandan böyük həcmdə qaz və Qazaxıstandan neft nəqlini təmin edəcək. Əlbəttə ki, burada hüquqi məhdudiyyətlər var və biz onların üzərində işləməliyik.

- Azərbaycan və Qazaxıstan regionda yeni nəqliyyat, logistika və iqtisadi əlaqələrdə hansı rol oynaya bilər?

- İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, şübhəsiz ki, xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Qazaxıstanın təbii sərvətlərlə əlaqəli oxşar iqtisadiyyatları var və bununla əlaqədar olaraq investisiyalar üçün müəyyən imkanlar mövcuddur. Buna görə də ölkələrimizin Xəzər dənizi də daxil olmaqla, nəqliyyat dəhlizi layihələrinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edə bilməsi məntiqlidir. İki ölkə burada infrastrukturu çox yaxşı inkişaf etdirə və bizi birləşdirən Xəzər dənizi vasitəsilə iqtisadiyyatımızın yaxınlaşmasına kömək edə bilər.

- Siz təkcə politoloq kimi deyil, həm də “Çöllərin tarixi: Çingiz xan dövlətinin fenomeni Avrasiya tarixində” kitabının müəllifi kimi tanınırsınız. Bir tarixçinin baxışı Avrasiyada mövcud geosiyasi yenidənqurmanı daha dəqiq anlamağa kömək edirmi?

- “Çöllərin tarixi”ndə məhz Avrasiya köçərilərinin oturaq xalqlarla qarşılıqlı əlaqələrindəki transformasiya anları nəzərdən keçirilir. Hər halda, bu, bəzən yeni məzmun gətirən davamlı bir proses idi. Bu gün biz yenə də əhəmiyyətli dərəcədə transformasiya prosesindəyik. Ətrafımızdakı dünya nəzərəçarpacaq dərəcədə dəyişir. Otuz beş il əvvəl qloballaşma prosesinə qədəm qoyduq və bu, bizi dəyişdirdi. Hazırda qloballaşma ilə bağlı suallar var və biz, həmçinin qarşılıqlı əlaqə yolu ilə buna uyğunlaşırıq.

- Sizin “Qazaxların qısa tarixi” kitabınız geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Cəmiyyətlərin regiondakı müasir dəyişiklikləri daha yaxşı dərk etməsi üçün tarixi prosesləri əlçatan dildə izah etmək bu gün nə dərəcədə vacibdir?

- Tarixdə həm müvafiq elmi tərtibatla ciddi elmi əsərlər, həm də cəmiyyəti narahat edən aktual suallara əlçatan cavablar verən jurnalist yazıları, şübhəsiz ki, vacibdir. Cəmiyyətin sualları həmişə olacaq, lakin tarixi dəyişiklik anlarında onlar xeyli çoxalır. Buna görə də “Qazaxların qısa tarixi” kimi kitablar mürəkkəb tarixi anları daha yaxşı başa düşmək üçün vacibdir. Amma mən bu kitabı yalnız “Çöllərin tarixi”, “Qazaxıstan Rusiya imperiyasında” və “Qazaxlar inqilab və aclıq arasında” kimi elmi əsərlər yaratdıqdan sonra yazmağa qərar verdim. Mürəkkəb bir mövzu haqqında sadə yazmaq, mürəkkəb bir mövzu haqqında mürəkkəb şəkildə yazmaqdan daha çətindir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
19
1
azertag.az

2Sources