EN

Sosial şəbəkədə təhqir nə zaman cinayət sayılır?

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Sosial şəbəkələrin geniş yayılması insanların fikir azadlığını artırsa da, bu azadlıq hüquqi məsuliyyətdən azad etmir. Təhqir halları müəyyən şərtlər daxilində cinayət məsuliyyəti yaradır.

Gununsesi.info ya danışanVəkil Esmira Rzayevanın sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir – kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqdır.

Vəkil bildirir ki, şərəf və ləyaqətin alçaldılması yazılı, şifahi və ya hərəkətlərlə həyata keçirilə bilər. Şifahi formada bu, söyüş, nalayiq ifadələr və alçaldıcı sözlərlə; yazılı formada məktub, ərizə, şikayət və ya sosial şəbəkə paylaşımı ilə; hərəkətlərlə isə üzə tüpürmə, şillə vurma və ya alçaldıcı jestlərlə ifadə oluna bilər.

Qanuna görə, təhqirin cinayət sayılması üçün onun kütləvi xarakter daşıması vacibdir. Yəni ən azı iki kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada yayılması kifayətdir. Bu kateqoriyaya sosial şəbəkələr – Facebook, Instagram, TikTok və YouTube kimi platformalar da daxildir.

Esmira Rzayeva vurğulayır ki, təhqir olunan şəxsin həmin anda orada olması şərt deyil. Əsas məsələ məlumatın kütləvi şəkildə yayılması və şəxsin nüfuzuna xələl gətirilməsidir.

Cinayət məsuliyyəti 16 yaşına çatmış fiziki şəxslər üçün nəzərdə tutulur. Qüvvədə olan qanunvericiliyə əsasən, təhqirə görə 1000 manatdan 5000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər.

Vəkil qeyd edir ki, virtual mühit real hüquqi məsuliyyətdən kənar deyil və sosial mediada paylaşım edən hər bir şəxs yazdığı fikrə görə qanun qarşısında cavabdeh ola bilər.

Şəbnəm

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
46
icma.az

1Sources