Qara dənizdə Yunanıstan bayrağı altında üzən "Maran Homer" neft tankeri Novorossiysk limanı yaxınlığında naməlum obyektlə vurulub.
"Cebheinfo.az" xəbər verir ki, gəminin göyərtəsində yüngül zədələr yaranıb, 24 nəfərlik heyət xəsarət almayıb.
Səlahiyyətlilər gəmini raket və ya PUA-nın vura biləcəyini ehtimal edirlər.
"Maran Tankers" şirkəti tərəfindən idarə olunan "Maran Homer" neft tankeri şənbə günü səhər saatlarında Qara dənizdə hücuma məruz qalıb.
Rusiyanın Novorossiysk limanından 14 dəniz mili uzaqlıqda, Xəzər Boru Kəməri Konsorsiumu terminalının yaxınlığında gəmiyə naməlum bir obyekt çırpılıb.
Səlahiyyətlilər hücumun raket və ya PUA ilə həyata keçirilməsindən şübhələnirlər. Salonikidən Qazaxıstanın xam neftini yükləmək üçün yola çıxan boş gəmi "Chevron" tərəfindən icarəyə götürülmüşdü.
Tankerin sağ tərəfindəki (sancaq) göyərtəsində yüngül zədə yaranıb. 10 yunan, 13 filippinli və bir rumın heyət üzvündən ibarət 24 nəfərlik heyətin heç biri xəsarət almayıb. Hücumdan sonra heyət gəmidə qalıb və təxliyə tələb etməyib.