EN

Nigar Arpadarai: Süni intellekt və iqlim dəyişiklikləri dövründə gənclərin fəaliyyəti daha da önəmlidir VİDEO

Bakı, 14 mart, AZƏRTAC

Müasir dövrdə gənclərin səsinin eşidilməsi və qərar qəbulunda onların iştirakının təmin olunması xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında keçirilən brifinqdə səsləndirib.

Deputat bildirib ki, COP prosesi çərçivəsində gənclərin iştirakı hər zaman diqqət mərkəzində saxlanılır və müxtəlif platformalarda onların fikirlərini səsləndirməsi üçün imkanlar yaradılır. Gənclərin suallar verməsi, təşəbbüslər irəli sürməsi və müzakirələrdə iştirak etməsi bu prosesin vacib hissəsidir.

N.Arpadarai qeyd edib ki, COP29 çərçivəsində gənclərin fəal iştirakına dəstək göstərən mühüm təşəbbüslər həyata keçirilib və bu istiqamətdə gənclər üzrə çempion Leyla Həsənovanın fəaliyyəti xüsusi əhəmiyyət daşıyıb.

İqlim çempionu vurğulayıb ki, dünya hazırda süni intellektin sürətlə inkişaf etdiyi, eyni zamanda, müharibələr, münaqişələr və iqlim dəyişiklikləri kimi ciddi çağırışların yaşandığı mürəkkəb dövrdən keçir.

“Belə bir zamanda gənclərin suallar verməsi, cavablar əldə etməsi və qərarların qəbulunda iştirak etməsi çox vacibdir”, – deyə o bildirib.

Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini xatırladan deputat ölkəmizin iqlim gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini diqqətə çatdırıb. O, həmçinin Türkiyədə keçiriləcək COP31-in uğurla təşkil olunacağına əminliyini ifadə edib.

Nigar Arpadarai qeyd edib ki, COP31-in yüksəksəviyyəli çempionu Samet Arvasın rəhbərliyi bu prosesin uğurla həyata keçirilməsinə töhfə verəcək. Samet Arvasın Bakıya səfəri çərçivəsində ADA Universitetində gənclərlə görüş keçirilib və bu görüş gənclərin iqlim gündəliyinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Deputat vurğulayıb ki, Azərbaycan tərəfi iqlim gündəliyi üzrə beynəlxalq əməkdaşlığı davam etdirməyə hazırdır və bu istiqamətdə tərəfdaşlarla birgə işləmək niyyətindədir.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - Azər İbrahimov

Videooperator - Namiq Abdullayev

Chosen
7
2
azertag.az

3Sources