Ermənistanda anti-Azərbaycan mövqeyi ilə tanınan siyasi fiqurlardan biri olan “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan növbəti dəfə revanşist ritorika ilə çıxış edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Marukyan bu fikirləri “Erməni Milli Konqresi”nin 5-ci qurultayında səsləndirib. O bildirib ki, Ermənistanın “müstəqilliyinin müdafiəsi” məsələsini ayrı-ayrı addımlarla həll etmək mümkün deyil və ölkədə siyasi qüvvələr vahid cəbhə ətrafında birləşməlidirlər.
“Ermənistanın müstəqilliyini qorumaq uğrunda gedən mübarizədə bütün qüvvələr bir araya gəlməli və vahid cəbhə ilə çıxış etməlidir”, – deyə Marukyan bildirib.
Onun sözlərinə görə, mövcud çağırışlara qarşı yalnız siyasi qüvvələrin birləşməsi sayəsində müqavimət göstərmək mümkündür və bu zaman seçkilərdə mandat məsələsi ikinci plana keçməlidir.
Marukyan iddia edib ki, əsas məqsəd parlamentdə yerlər əldə etmək deyil, Ermənistan Respublikasının “müstəqilliyini, suverenliyini və milli dəyərlərini qorumaqdır”.
Marukyanın fikrincə, Ermənistanda baş verən siyasi proseslər yalnız “sülh və ya müharibə” qarşıdurması ilə məhdudlaşmır. O iddia edib ki, qarşıdakı siyasi debatların mərkəzində Ermənistanın gələcək siyasi kursu və “müstəqilliyinin qorunması” məsələsi dayanacaq.
Qeyd edək ki, son dövrdə Ermənistan daxilində bir sıra siyasi qruplar revanşist mövqelərlə çıxış edərək ölkədə siyasi qüvvələrin yeni blok şəklində birləşdirilməsi barədə çağırışlar səsləndirirlər.
Musavat.com