“Şimalımızda müharibə gedir, cənubumuzda isə savaş davam edir. Ən təhlükəli məqam isə budur ki, bu münaqişələr artıq lokal və ya ikitərəfli qarşıdurmalar deyil, qlobal nizam uğrunda gedən müharibələrin tərkib hissəsinə çevrilib.
Bunun fonunda qərbimizdə sülh qurmağa hazırlaşdığımız Ermənistan, digər tərəfdə isə Gürcüstan yerləşir. Hər iki ölkə müəyyən şərtlər daxilində yeni müharibə ocaqlarına çevrilə biləcək potensiala malikdir. Belə bir vaxtda – barıt anbarları ilə əhatə olunduğumuz şəraitdə – Prezident İlham Əliyevin diplomatik gücü xüsusi önəm qazanır’.
Bu barədə NOCOMMENT.az-a beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, bu vəziyyəti siyasi və sosio-psixoloji nəzəriyyədə “ikiqat imkanlar kompleksi” kimi xarakterizə etmək olar:
“İlham Əliyevin siyasi gücünün, imkanlarının və qərarvermə bacarığının arxasında böyük bir siyasi ənənə – Heydər Əliyev məktəbi dayanır. Bu məktəb həm irs, həm də praktiki təcrübə kimi formalaşıb və ötürülüb”.
Şərhçi hesab edir ki, bu gün dünya liderləri arasında regionu və xüsusilə İranı Prezident İlham Əliyev qədər dərindən tanıyan çox az şəxs var: “Bu tanıma yalnız kəşfiyyat məlumatlarına və statistik analizlərə əsaslanmır. O, min illərin tarixindən, regionun siyasi virajlarından, mədəni irsdən və real həyat təcrübəsindən qaynaqlanır”.
Əlibəylinin fikrincə, Azərbaycana rəhbərlik etmək sadəcə siyasi idarəçilik deyil: “Bu, həm də böyük tarixi irsin məsuliyyətini daşımaq deməkdir. Bu məsuliyyət Gülüstan, Türkmənçay və Kürəkçay müqavilələrini, Orta Şərqin böyük imperiyalarını – Səlcuqluları, Səfəviləri, Qacarları və Əfşarları, eləcə də Nizami və Füzuli kimi böyük mədəni irs sahiblərini anlamağı və onların mirasına sahib çıxmağı tələb edir”.
O qeyd edir ki, İranla bağlı mövcud geosiyasi vəziyyət kontekstində Azərbaycanın mövqeyi dünya miqyasında ciddi tədqiqat mövzusuna çevrilməlidir. Azərbaycan növbəti dəfə tarixi bir mərhələdən keçir və yeni geosiyasi reallıqların formalaşması qaçılmaz görünür.
“Tarixin məhvəri artıq tərpədilib. Şərqə endirilən bombalardan nə gül bitər, nə də sülh yaranar. Lakin Azərbaycan müasir dünyada sülh dəyərini təmsil edən nadir ölkələrdən biridir. Bu isə bizim ən güclü silahımızdır”, – deyə Əziz Əlibəyli fikrini yekunlaşdırıb.
Tunar