EN

Müasir dövrdə şəhərsalma prosesinin sürətlənməsi şəhərlərin inkişafına yeni yanaşmaların tətbiqini zəruri edir - ŞƏRH

Naxçıvan, 15 mart, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”.

AZƏRTAC "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyi Gənclər Təşkilatının sədri Fərid Əkbərlinin Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası ilə bağlı yazdığı "Müasir dövrdə urbanizasiya prosesinin sürətlənməsi şəhərlərin inkişafına yeni yanaşmaların tətbiqini zəruri edir" mövzusunda məqaləsini təqdim edir.

Ümumdünya Şəhərsalma Forumu şəhərsalma və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur. Bakıda keçiriləcək və “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq 13-cü sessiyada müasir şəhərlərin inkişaf perspektivləri, şəhərsalma proseslərinin idarə olunması, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və sosial rifahın təmin edilməsi kimi məsələlərin geniş müzakirəsi nəzərdə tutulur.

Müasir dövrdə şəhərsalma prosesinin sürətlənməsi şəhərlərin inkişafına yeni yanaşmaların tətbiqini zəruri edir. Əhali artımı, infrastruktur ehtiyaclarının genişlənməsi, ekoloji problemlər və sosial bərabərlik məsələləri şəhər planlaşdırılması siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu müxtəlif ölkələrin təcrübəsinin paylaşılması və şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Forum çərçivəsində təşkil olunacaq müzakirələrdə şəhərlərin dayanıqlı inkişafı, müasir urbanizasiya modelləri, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, yaşayış məkanlarının təhlükəsizliyi və şəhər infrastrukturlarının inkişafı kimi məsələlər diqqət mərkəzində olacaq. Bu müzakirələr şəhərlərin daha təhlükəsiz və yaşana bilən məkanlara çevrilməsi istiqamətində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.

Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal platformalarda artan rolunun və beynəlxalq əməkdaşlıq sahəsində güclənən mövqeyinin göstəricisi kimi qiymətləndirilir. Son illər paytaxtın infrastrukturunun müasirləşdirilməsi, şəhər mühitinin yenilənməsi və müasir şəhərsalma layihələrinin həyata keçirilməsi Bakının regionun mühüm urbanistik mərkəzlərindən birinə çevrilməsinə şərait yaradıb. Digər tərəfdən forum dünyanın müxtəlif ölkələrindən minlərlə mütəxəssisi, dövlət nümayəndələrini, urbanistləri və beynəlxalq təşkilatları bir araya gətirəcək. Bu isə şəhərlərin planlaşdırılması, ağıllı şəhər konsepsiyaları, ekoloji dayanıqlılıq, nəqliyyat infrastrukturu və sosial şəhərsalma kimi sahələrdə yeni ideya və təcrübələrin müzakirəsinə imkan yaradacaq.

Forum çərçivəsində son illər Azərbaycanda həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, yeni yaşayış kompleksləri və müasir şəhərsalma yanaşmaları forum iştirakçılarına təqdim olunacaq. Xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları beynəlxalq səviyyədə böyük maraq doğurmaqla Azərbaycanın yeni şəhərsalma modelinin təqdimatı baxımdan mühüm rol oynayacaq.

Belə bir qlobal tədbir ölkəyə çoxsaylı qonaqların və investorların diqqətini cəlb edəcək. Bu isə turizm, tikinti, şəhər infrastrukturu və texnologiya sahələrində yeni əməkdaşlıq və investisiya imkanlarının yaranmasına səbəb ola bilər. Forumun Bakıda keçirilməsi şəhərin beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini daha da gücləndirərək regionda şəhərsalma sahəsində müzakirələr üçün mühüm platformaya çevrilməsinə töhfə verəcək.

Mütəxəssislər hesab edirlər ki, müasir dövrdə şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə məhdudlaşmır. Dayanıqlı şəhər anlayışı, eyni zamanda, sosial rifahın təmin olunması, ekoloji tarazlığın qorunması, iqtisadi inkişaf və mədəni mühitin formalaşdırılması kimi bir sıra mühüm amilləri özündə birləşdirir. Bu baxımdan şəhərsalma siyasətinin düzgün planlaşdırılması və şəhərsalma proseslərinin səmərəli idarə olunması gələcək inkişafın əsas prioritetlərindən biri hesab edilir.

2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının da şəhərsalma sahəsində qlobal dialoqun genişlənməsinə, müxtəlif ölkələrin təcrübə mübadiləsinə və dayanıqlı şəhər inkişafı istiqamətində yeni yanaşmaların formalaşmasına mühüm töhfə verəcəyi gözlənilir. Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi isə Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi artan nüfuzunun və qlobal platformalarda fəal iştirakının növbəti göstəricilərindən biri kimi qiymətləndirilir.

Chosen
51
1
azertag.az

2Sources