EN

ABŞ-nin neft şirkətləri Fars körfəzindəki müharibə fonunda 63 milyard dollar əlavə gəlir əldə edə bilər

FT-nin hesablamalarına görə, neftin orta illik qiyməti 100 dollar olarsa, ABŞ istehsalçıları enerji bazarındakı böhrandan ən çox qazanan tərəflərdən birinə çevriləcək...

Poliqon xəbər verir ki, Fars körfəzində baş verən müharibə və bunun nəticəsində qlobal enerji bazarlarında yaranan gərginlik ABŞ-nin neft şirkətləri üçün böyük maliyyə imkanları yarada bilər. “Financial Times” nəşrinin məlumatına görə, cari il ərzində neftin orta qiyməti bir barel üçün 100 dollar səviyyəsində qalarsa, Amerika neft istehsalçıları ümumilikdə təxminən 63 milyard dollar əlavə gəlir əldə edə bilər.

Analitiklərin fikrincə, enerji bazarında baş verən kəskin qiymət artımı ABŞ-nin xüsusilə şist nefti istehsal edən şirkətləri üçün əlverişli şərait formalaşdırır. İnvestisiya bankı “Jefferies”in hesablamalarına əsasən, münaqişə başlayandan bəri neft qiymətlərinin təxminən 47 faiz artması nəticəsində Amerika şirkətləri yalnız bu ay ərzində əlavə 5 milyard dollar gəlir əldə edə bilərlər.

Ekspertlər qeyd edirlər ki, bu əlavə pul axını əsasən Yaxın Şərqdə məhdud fəaliyyət göstərən ABŞ şist nefti şirkətlərinə fayda verəcək. Çünki bu şirkətlərin regiondakı siyasi və hərbi risklərə məruz qalması daha azdır və onlar qiymət artımından birbaşa qazanc əldə edə bilirlər.

Bununla belə, dünyanın ən böyük beynəlxalq enerji şirkətləri üçün vəziyyət daha mürəkkəb qiymətləndirilir. ABŞ-nin iri enerji nəhəngləri olan “ExxonMobil” və “Chevron”, həmçinin onların Avropadakı rəqibləri – “BP”, “Shell” və “TotalEnergies” Fars körfəzi regionunda geniş aktivlərə malikdir. Bu səbəbdən də regionda baş verən hərbi gərginlik və xüsusilə Hörmüz boğazının bağlanması ehtimalı onların fəaliyyətinə ciddi təsir göstərə bilər.

Məlumata görə, “BP” və “ExxonMobil” Yaxın Şərq böhranından ən çox təsirlənə biləcək şirkətlər sırasındadır. Belə ki, onların sərbəst pul axınının beşdə birindən çoxu məhz Fars körfəzi regionundakı layihələr və əməliyyatlarla bağlıdır. Analitiklər hesab edirlər ki, regiondakı münaqişə uzandıqca qlobal enerji bazarında qeyri-müəyyənlik artacaq və bu, həm böyük beynəlxalq şirkətlər, həm də enerji idxal edən ölkələr üçün əlavə risklər yaradacaq.

Mütəxəssislərin fikrincə, hazırkı vəziyyət bir tərəfdən enerji qiymətlərinin yüksəlməsi hesabına bəzi şirkətlər üçün rekord gəlirlər vəd etsə də, digər tərəfdən geosiyasi risklərin artması səbəbindən qlobal enerji sektorunda uzunmüddətli qeyri-sabitliyə gətirib çıxara bilər.

Poliqon.info

Chosen
31
poliqon.info

1Sources