Son vaxtlar ölkə ərazisində kirayə mənzillərlə bağlı nəzarət tədbirləri gücləndirilib. Polis əməkdaşları mənzillərdə yaşayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatını və kirayə müqavilələrini yoxlayırlar. Sənədləri qaydasında olmayan şəxslərə qarşı inzibati cərimələr tətbiq edilir.
Yoxlamalar zamanı vətəndaşın yaşadığı ünvanda qeydiyyatda olmadığı və ya rəsmi kirayə müqaviləsinin mövcud olmadığı aşkarlandıqda, yerində protokol tərtib olunur. Qanunvericiliyin tələblərini pozan şəxslər 30 manat məbləğində cərimə edilirlər.
Hüquqşünas Cavid Cəfərov bildirib ki, polis əməkdaşlarının qanuni əsaslarla yoxlama aparmaq səlahiyyəti var: “Sahə müvəkkilləri mənzillərdə kimlərin yaşadığını, hansı əsasla qaldığını və müqavilənin olub-olmadığını araşdırmalıdırlar. Qanun pozuntusu aşkarlandıqda xəbərdarlıq edilə və ya 30 manat cərimə tətbiq oluna bilər. Lakin mühüm məqam odur ki, polis həmin cəriməni nağd şəkildə yerindəcə ala bilməz”.