Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şərq sahilində yerləşən strateji Füceyrə limanı pilotsuz uçuş aparatının (PUA) hücumu və yanğından sonra neft yükləmə əməliyyatlarını bərpa edib.
"Ölkə.az" xəbər verir ki, "Bloomberg" agentliyi limandakı mənbələrə istinadən martın 14-də dayandırılan ixracatın bazar günü səhər saatlarından etibarən yenidən başladığını bildirib. Şənbə günü baş verən insident zamanı PUA-nın havada zərərsizləşdirilməsi nəticəsində qalıqlar liman ərazisindəki neft çənlərinin üzərinə düşərək güclü yanğına səbəb olmuşdu. Füceyrə Media Ofisi yanğının mülki müdafiə qüvvələri tərəfindən tam söndürüldüyünü və heç bir xəsarət alanın olmadığını təsdiqləyib.
Hörmüz boğazından kənarda yerləşən Füceyrə limanı BƏƏ-nin gündəlik təxminən 1 milyon barel neft ixracını təmin edən kritik bir qovşaqdır. Hazırda ABŞ, İsrail və İran arasındakı müharibə səbəbindən Hörmüz boğazının faktiki olaraq bağlı olması bu limanın qlobal enerji bazarı üçün əhəmiyyətini qat-qat artırıb.
Analitiklər Füceyrədə fəaliyyətin cəmi bir gündə bərpa edilməsini BƏƏ-nin enerji infrastrukturunun dözümlülüyü kimi qiymətləndirsələr də, bu hücumun İranın "əgər biz neft sata bilməsək, heç kim sata bilməyəcək" xəbərdarlığının tərkib hissəsi olduğunu vurğulayırlar.(musavat.com)